Təhsil naziri: “Artıq 3 ildir ali məktəblərə qəbul zamanı hər bir ixtisas qrupu üzrə nəticələr yüksəlir”

Təhsil naziri: “Artıq 3 ildir ali məktəblərə qəbul zamanı hər bir ixtisas qrupu üzrə nəticələr yüksəlir”
# 15 sentyabr 2016 06:49 (UTC +04:00)

Bakı-APA. “Artıq 3 ildir ali məktəblərə qəbul zamanı hər bir ixtisas qrupu üzrə nəticələr yüksəlir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov bildirib.

M. Capbbarov deyib ki, bu onu göstərir ki, apardığımız islahatlar hər hansı bir coğrafi məkan və ya ixtisas qrupu ilə məhdudlaşmır, hər bir şagirdin nailiyyətlərinə təsir edir: “Buraxılış imtahanlarının nəticələrindəki irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verdi. Ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda - 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,9%, 2014-ci ildəki göstəricidən isə 9,2% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib. Bunu riyazi formullar da təsdiq edir. Eyni zamanda, tələbə qəbulu imtahanlarında iştirak edərək 200-dən artıq bal toplayan abituriyentlərin nəticələrinə görə keyfiyyət göstəriciləri yüksəlib.

Orta məktəblərdə buraxılış imtahanlarından söz açan təhsil naziri qeyd edib ki, son illərdə IX siniflər üzrə nəticələr daha ürəkaçandır: “2012-ci ildə iki məzundan biri, bu ilki IX siniflər üzrə buraxılış imtahanlarında hər 3 məzundan ikisi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. Həmçinin XI siniflər üzrə imtahanlarda məzunların 65 faizi bütün fənlərdən müsbət qiymət alıb. 2014-2015-ci tədris illəri üçün 9-cu sinif buraxılış imtahanında ən zəif nəticə göstərmiş və şagird sayı nisbətən çox olan 6 rayon pilot olaraq seçilib. Bu rayonlar - Astara, Ağcabədi, Cəlilabad, Masallı, Saatlı və Sabirabad üçün inkişafyönümlü planlar hazırlanıb və həyata keçirilib. Ötən illə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib. Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb. Biz nəticələri ciddi təhlil edirik və ona uyğun tədbirlər həyata keçiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR