İstiqlal Muzeyində I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

İstiqlal Muzeyində I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 26 aprel 2016 11:22 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstiqlal Muzeyində I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin şöbə müdiri Sədi Mirseyibli bildirib ki, tədbir prezident İlham Əliyevin 18 fevral 2016-cı il tarixli sərəncamına əsasən keçirilir. Şöbə müdiri qeyd edib ki, 1926-cı ildə keçirilən qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb: “Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycanla yanaşı Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib. Ədəbiyyat, tarix, folklor, etnoqrafiya və başqa məsələlər ətraflı şəkildə türkoloji baxışın tərkib hissəsi kimi müzakirəyə çıxarılıb”.

Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərli qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan qərarların verildiyini diqqətə çatdırıb. A. İsgəndərlinin sözlərinə görə, onlar arasında latin əlifbasına keçidlə bağlı qərar xüsusi əhəmiyyət kəsb edib.

Tədbirdə BDU-nun, Bakı Slavyan Universitetinin, Azərbaycan Dillər Universitetinin və başqa təhsil müəssisələrinin tələbələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR