“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı planlar açıqlanıb

“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı planlar açıqlanıb
# 06 oktyabr 2016 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də xarici bazarların araşdırılması, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarının və marketinq fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulub.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydasının təsdiq edilməsi haqqında” fərmanından irəli gələn vəzifələrin icrasına həsr olunmuş tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov deyib. O bildirib ki, qeyri-neft məhsullarının istehsalçıları xarici ölkələrə ixrac zamanı bu dəstək tədbirlərindən yararlana bilərlər. Fərmanın icrasının təmin olunması məqsədilə yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, xarici bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xaricdə təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi qaydası və Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.

Diqqətə çatdırılıb ki, dəstək tədbirlərindən yararlanacaq ixracatçıları müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqə təşkil ediləcək. İxracatçılara dəstək məbləğinin ödənilməsi isə nağdsız qaydada həyata keçiriləcək. Qeyd edilib ki, fərmanla təsdiq edilmiş qaydalar hazırlanarkən bir sıra ölkələrin qabaqcıl təcrübəsi öyrənilib, müxtəlif ölkələrin bu sahədəki mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb. Fərmanda nəzərdə tutulan hər bir dəstək tədbiri barədə məlumat verən Rüfət Məmmədov qeyd edib ki, ixrac missiyasının təşkili üçün Nazirlik tərəfindən missiyanın tarixi və səfər ediləcək xarici ölkələr müəyyən ediləcək. Missiyalar ölkələrin iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər nəzərə alınmaqla təşkil olunacaq. Fərmana uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin ediləcək. Həyata keçiriləcək tədbirlər barədə məlumatlar İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Azpromo rəhbərinin müavini Yusif Abdullayev ixracın stimullaşdırılması mexanizmləri barədə ətraflı məlumat verib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR