Gürcüstanda 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib

Gürcüstanda 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib
# 20 yanvar 2016 14:47 (UTC +04:00)

Saqareco. Nizami Məmmədzadə-APA. Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Saqareco (Qaraçöp) bölgəsinin Qaraçöp kəndində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfirliyin əməkdaşları və bölgə ziyalıları, məktəb müəllimləri və şagirdlər Qaraçöp kəndində 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq 20 Yanvar şəhidlərini anıblar. Anım mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Azərbaycan səfirinin müavini Dursun Həsənov açaraq 20 Yanvar faciəsinin Azərbaycan tarixinə şanlı səhifələrlə yazıldığını və bu tarixi gün həm faciə, həm də Azərbaycan xalqının qəhrəmanlıq günü olduğunu bildirib.

D. Həsənov Qaraçöp kəndindən olan Ələsgər Qayıbovun, eləcə də Gürcüstanın digər bölgələrindən olan gənclərin Azərbaycanın azadlığı uğrunda həlak olduğunu qeyd edib və onlara rəhmət diləyib. Tədbirdə şəhid Ələsgər Qayıbovun böyük qardaşı Yusif Qayıbov və Qaraçöp orta məktəbinin müəllimi İsmayıl İsayev, Saqareco rayon bələdiyyəsinin üzvü Qəzənfər Məmmədov və başqaları çıxış edərək sovet ordusunun vəhşiliyindən, 20 Yanvar faciəsinə hələ də beynəlxalq hüquqi qiymət verilmədiyindən danışıblar.

Tədbirdən sonra Azərbaycan səfirliyinin əməkdaşları 20 Yanvar şəhidi, Qaraçöp kənd sakini Ələsgər Qayıbovun ailəsinə də baş çəkiblər.

Azərbaycan səfirinin müavini Dursun Həsənov kənd sakinlərinin problemləri ilə tanış olub. Sonda ehsan verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR