İran parlamentinin üzvü: “Erməni idmançının köynəyində “DQR” bayrağının əks olunması İranın siyasətinə ziddir”

İran parlamentinin üzvü: “Erməni idmançının köynəyində “DQR” bayrağının əks olunması İranın siyasətinə ziddir”
# 21 sentyabr 2016 12:15 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “İdman yarışında erməni idmançının köynəyində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının əks olunmasını pisləyirik. Bu, İranın siyasətinə ziddir”.

Bu sözləri APA-nın İran bürosuna açıqlamasında parlamentinin Urmiyadan olan üzvü Nadir Qazipur deyib.


N. Qazipur qondarma “DQR”in bayrağının idman yarışında istifadəsini qanunsuz adlandırıb: “Bu iş İran daxilində tənqid olundu və pisləndi. Biz İranın daxilində azərbaycanlılara qarşı hörmətsizlik və ya hər hansı bir addım atılmasına icazə verməyəcəyik. Azərbaycan və İran iki dost ölkədir və bu iki ölkəni bir-birinə bağlayan çoxlu bağlar var”.

Cavad Cahangirzadənin Azərbaycana səfir təyin olunmasına toxunan parlament üzvü bildirib ki, C. Cahangirzadə Azərbaycanda İranın səfiri olmağa ən layiqli namizədlərdən biridir: “Onun özü azərbaycanlıdır və üç dönəm parlamentdə deputat olub. Cahangirzadənin əlaqələri genişdir və Azərbaycanı da yaxşı tanıdığı üçün uğur qazanacaq”.

N. Qazipurun sözlərinə görə, Azərbaycan-İran əlaqələri yaxşı səviyyədədir: “Düşünürəm ki, iki ölkə əlaqələri daha da yaxşılaşa və güclənə bilər. Biz həmişə azərbaycanlı dostlarımızla əlaqələrimizi daha da inkişaf etdirməyə çalışmışıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR