Son 5 ildə Azərbaycanda 275 nəfər "həkim-mütəxəssis" dərəcəsi alıb

Son 5 ildə Azərbaycanda 275 nəfər "həkim-mütəxəssis" dərəcəsi alıb
# 18 may 2016 10:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son 5 ildə Azərbaycanda 27 ixtisas üzrə 275 nəfər rezidenturanı uğurla bitirərək "həkim-mütəxəssis" ali peşə ixtisas dərəcəsi alıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova bildirib ki, 2011-ci ildən etibarən Azərbaycanda 2419 nəfər rezidenturaya qəbul olub. Hazırda 1874 rezidentin rezidentura səviyyəsində təhsil aldığını deyən T.Əhmədova vurğulayıb ki, 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir. Onun sözlərinə görə, 2013-2014-cü tədris ilindən başlayaraq, müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan 150-yə yaxın rezident Səhiyyə Nazirliyinin göndərişi ilə rezidentura hazırlığının 1 aydan 3 ayadək hissəsini Türkiyə və Almaniyanın qabaqcıl klinikalarında keçib: "Azərbaycanda həkim-mütəxəssislərin rezidentura səviyyəsində hazırlığına 2011-ci ildən başlanılıb. Rezidentlərin hazırlığı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, ixtisaslar üzrə təhsil proqramları əsasında 40 ixtisas üzrə 2 ildən 5 ilədək müddətdə aparılır. Rezidenturanı bitirən həkim-mütəxəssislərin ilk buraxılışı iki illik təhsil müddətli ixtisaslar üzrə 2013-cü ildə olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR