Kür çayı sahillərində təmizlik kampaniyasına start verilib

Kür çayı sahillərində təmizlik kampaniyasına start verilib
# 10 sentyabr 2016 17:11 (UTC +04:00)

Bakı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı ilə birgə Kür çayının sahil ərazilərində “Təmiz Kür” adlı təmizlik kampaniyasına başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kampaniyaya Salyan şəhərinin və Sabirabad rayonunun Məmişlər kəndinin Kür çayı sahillərində start verilib.

Keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və İDEA İctimai Birliyinin könüllüləri ilə birgə yüzlərlə ictimaiyyət və müxtəlif QHT nümayəndələri, o cümlədən əsasən yerli gənclərdən ibarət könüllülər dəstəsi iştirak ediblər.

Kampaniyanın əsas məqsədi Kür çayı sahillərinin tullantılarla çirkləndirilməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzər bioresurslarına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir.

ETSN-nin aidiyyəti qurumları tərəfindən tullantıların idarə olunması istiqamətində mütəmadi olaraq monitorinqlər, reydlər keçirilir, fiziki və hüquqi şəxslər qanunamüvafiq qaydada cərimə edilir. Lakin bu, mövcud problemlərin aradan qaldırılmasına kifayət etmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi İDEA İctimai Birliyi ilə birgə ictimaiyyəti, o cümlədən çay kənarına yaxın yaşayış məskənlərinin sakinlərini Kür çayını çirkləndirməməyə çağırır. ETSN və İDEA İctimai Birliyi ictimaiyyət nümayəndələrinin müxtəlif təbəqələrinin bu kampaniyaya qoşulmasını yüksək qiymətləndirir. Bu istiqamətdə tədbirlər Kür çayının sahilboyu yaşayış ərazilərində məskunlaşan əhali üçün mütəmadi olaraq davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR