Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
# 16 iyun 2016 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il iyunun 1-ə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4945,2 min nəfər olub, onlardan 4700,3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1501,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,0 min nəfər, qeyri-dövlət sektorunda isə 610,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1467,2 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,6%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,4%-i tikintidə, 6,1%-i emal sənayesində, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2,0%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,6%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

Bu ilin yanvar-aprel aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,3 saat təşkil edib.

Bu il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34,0 min nəfər olub, onların 37,8%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250,1 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR