Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib
# 29 sentyabr 2016 10:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan və Bolqarıstan biznes forumu keçirilib.


"APA-Economics"in məlumatına görə, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan və Bolqarıstan arasında mövcud olan iqtisadi əlaqələr çoxşaxəlidir: "İki ölkə arasında indiyədək 70-dən artıq sənəd imzalanıb, bunun 20-si yalnız iqtisadi sahəni əhatə edir. Bu ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi 2,2 dəfə artıb. Energetika sahəsində də əməkdaşlığımız mövcuddur. Bu gün Bolqarıstan vasitəsilə Azərbaycan qazının Avropa ölkələrinə nəql olunması ilə bağlı danışıqlar aparılır".

S. Babayev vurğulayıb ki, Bolqarıstan məhsulları Azərbaycan bazarında böyük tələbata malikdir: "Eyni zamanda Azərbaycan məhsulları da Bolqarıstan bazarına göndərilə bilər. Bunun üçün Azərbaycan hökuməti sahibkarlar üçün bütün imkanları yaratmağa hazırdır".

Nazir müavini hər iki ölkənin şirkətlərini investisiya qoyuluşunda daha aktiv olmağı, müştərək şirkətlər yaratmağa və istehsal etdikləri məhsulları üçüncü ölkələrə göndərməyə çağırıb.

Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarski Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu qeyd edib və Bolqarıstanın Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O bildirib ki, bu gün iki ölkə arasında mövcud olan ticarət dövriyyəsinin həcmi hər iki tərəfin qane etmir: "Mövcud əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar mövcuddur. Bolqarıstan Azərbaycana kimya, səhiyyə, əczaçılıq məhsullarını, həmçinin hazır şirələr, müxtəlif avadanlıqlar, kosmetika, kənd təsərrüfatı məhsulları da ixrac edə bilər".

Biznes forumun sonunda iki ölkə arasında 4 anlaşma memorandumu imzalanıb. Bunlar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Bolqarıstanın Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyi (BSMEPA) arasında Anlaşma Memorandumun imzalanması, Azərbaycanın Ticarət-Sənaye Palatası və BSMEPA arasında Memorandumun imzalanması, həmçinin Azpromo və Bolqarıstanın Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumun imzalanması olub. İmzalanan sonuncu sənəd Azərbaycanın Ticarət-Sənaye Palatası və Sofiya şəhərinin Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumu olub.

Biznes forumda 120 nəfərdən artıq iş adamı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR