Moskvadakı Azərbaycan İcması Evində Heydər Əliyevin xatirəsi anılıb

Moskvadakı Azərbaycan İcması Evində Heydər Əliyevin xatirəsi anılıb
# 13 dekabr 2015 20:28 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxtındakı Azərbaycan İcması Evində Heydər Əliyevin vəfatının 12-ci ildönümünə həsr olunan tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbir Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) müşaviri Manaf Ağayev Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirdiyini söyləyib: "Rusiya prezidenti Vladimir Putinlə birlikdə ümummilli lider bu münasibətlərin yüksək səviyyəyə qalxması üçün səylərini əsirgəməyib, bu əlaqələrin möhkəm təməlini yarada bilib".

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov isə çıxışında Heydər Əliyevin təkcə Rusiyada deyil, bütün dünyada Azərbaycan diasporunun əsasını qoyduğunu bildirib: "Heydər Əliyev səfər etdiyi bütün ölkələrdə diaspor nümayəndələri ilə görüşər, onları birliyə, mərkəzləşdirilmiş vahid diaspora yaratmağa çağırardı. Sevindirici haldır ki, bu gün burada bütün diaspor təşkilatlarının nümayəndələri iştirak edirlər. Çünki bizim gücümüz birliyimizdədir. Heydər Əliyev Azərbaycan diasporunu məhz belə güclü görmək istəyirdi".

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Heydər Əliyevin ÜAK-ın yaradıcısı olduğunu qeyd edib: "Məhz onun sayəsində Ümumrusiya Azərbaycan Konqresi Rusiyanın bütün bölgələrindəki Azərbaycan diaspor təşkilatlarını birləşdirərək uğurla fəaliyyət göstərir. Heydər Əliyev Azərbaycanı böhrandan çıxaran, ölkəmizi işıqlı gələcəyə yönəldən dünya şöhrətli ictimai-siyasi xadimdir. Biz azərbaycanlılar, dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, onun siyasi kursuna həmişə sadiq qalmalıyıq".

Tədbirdə Azərbaycan diasporunun Rusiyanın müxtəlif regionlarındakı nümayəndələri, Rusiyanın ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı ziyalılar, gənclər təşkilatlarının və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR