Pakistan Milli Assambleyası sədrinin müavini Bakıya səfər edəcək

Pakistan Milli Assambleyası sədrinin müavini Bakıya səfər edəcək
# 08 oktyabr 2016 15:04 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyası sədrinin müavini Murtaza Cavid Abbasi ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən söhbət açan səfir, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu vurğulayıb. İşğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, müsəlman aləminə aid dini abidələrin, ziyarətgahların, məscid və digər obyektlərin dağıdılması, təhqirə məruz qoyulması haqqında məlumat verən səfir Xocalı soyqrımını tanıması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin Pakistan Parlamenti tərəfindən qəbul edilməsinin yüksək qiymətləndirildiyini qeyd edərək, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasını dəstəklədiyini bildirib.

Milli Assambleya sədrinin müavini isə iki ölkə arasında tarixi, dini, mədəni bağlılıqların möhkəm olduğunu, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycanla parlamentlərarası əlaqələri daha da genişləndirmək istədiyini, mümkün olan ilk zamanda Bakıya səfər edəcəyinin qeyd edib. Xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafının önəmindən danışan Murtaza Cavid Abbasi Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəsində müxtəlif bölgələrində həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin məmnunluqla qarşılandığını bildirib və təşəkkürlərinin Mehriban Əliyevaya çatdırılmasını xahiş edib.

Görüşdə həmçinin, parlamentlərarası münasibətlərin, eləcə də dostluq qrupları arasında əlaqələrin daha da artırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR