Mütəxəssis: “Dəridə yaranan dəyişiklik daxili, nevroloji problemlər, hətta xərçənglə də bağlı ola bilər”

 Mütəxəssis: “Dəridə yaranan dəyişiklik daxili, nevroloji problemlər, hətta xərçənglə də bağlı ola bilər”
# 08 aprel 2016 18:34 (UTC +04:00)

“Dəridə olan problemlərə diqqətlə yanaşmalıyıq”

“İnsanın ən böyük orqanı olan dərinin, onun problemlərinin daxili orqanlarla sıx bağlılığı var. Dəridə olan ən kiçik əlamətlər belə daxili orqanların problemləri ilə bağlı ola bilər”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoveneroloq, uzman doktor Mehdi İskəndərli deyib.

Mütəxəssis bildirib ki, daxili orqanların problemləri zamanı həmin orqanlarda patoloji dəyişiklik yaranmazdan əvvəl çox zaman bu, dəridə səpgilər şəklində özünü göstərir.

Bəzən isə dəridə olan səpgilər daxili orqanların problemləri ilə bərabər inkişaf edir: “Daxili xəstəliklərin çox ağır mərhələlərinə də dəridə müəyyən əlamətlərin, səpgilərin yaranması mümkündür. Bu baxımdan deyə bilərik ki, hər birimiz dəridə yaranan dəyişikliklərə qarşı həssas olmalı, diqqətlə yanaşmalıyıq. Çünki diqqətli, həssas olmaq bir çox hallarda daxili orqanlarda yaranan ciddi problemləri zamanında, ilkin mərhələlərdə aşkarlamağa imkan verir”.

M. İskəndərlinin sözlərinə görə, əslində dərisində daxili problemlərlə bağlı səpgilər yaranan insanları şanslı saymaq olar. Çünki bu səpgilər onlara xəbərdarlıq etmiş olur: “Təbii ki, dermatoveneroloqa hər hansı səpgi, problemlə bağlı müraciət etmiş xəstələrdə bu problemin daxili orqanlarla bağlı olub-olmadığı araşdırılmalıdır. Aparılan araşdırmalar nəticəsində dəridə olan əlamətlərin daxili xəstəliklərlə bağlı olduğu təsdiqlənərsə, problemə müvafiq mütəxəssislərlə bərabər kompleks yanaşmaq lazımdır.

Dermatoveneroloqlar digər sahələrin mütəxəssislər ilə əlaqəli çalışmalıdır. Ona görə deyirlər ki, dermatovenerologiya multidistsiplinar, yəni tibbin digər sahələri ilə müştərək olaraq çalışan bir sahədir”.

Mütəxəssis deyib ki, dəri insanın daxilinin, həm də insan ruhunun, psixikasının aynasıdır: “Dəri nəinki daxili orqanların, hətta insanın psixi vəziyyətinin göstəricisidir.

Bu baxımdan biz dəri səpgiləri, dəri xəstəlikləri ilə insanda psixi pozuntu olub-olmadığını demək mümkündür. Dermatitlərin, ekzemaların bəzi növlərinin hər hansı psixi problemlərə bağlı olduğu da məlumdur. Yəni bu problemlər xəstədə müəyyən psixiatrik pozuntunun əlaməti sayılır”.

Həkim onu da deyib ki, istənilən psixiatrik və ya nevroloji xəstəlik dəridə qaşınmaya səbəb ola bilər.

Onun sözlərinə görə, dəri xəstəlikləri həyati təhlükə yaratmasa da, bəzən həyati təhlükəyə malik xəstəliklərin əlamətlərini əks etdirə bilir: “Hepatit B, hepatit C bəzən ilk olaraq dəridə səpkilər şəklində özünü göstərir. Yəni qaraciyərdə hər hansı patologiya qeydə alınmadan belə, ilk olaraq dəridə səpgilərin yaranması mümkündür.

Yastı dəmirov adlandırılan dəri xəstəliyinin müxtəlif formaları var. Bu xəstəlik müxtəlif səbəblərlə bağlı olduğu kimi, eyni zamanda araşdırmalar göstərib ki, hepatit B və hepatit C virusları da dəridə belə bir problem yaratmağa qadirdir.

Biz təcrübədə belə hallarla rastlaşırıq. Xəstə yastı dəmirov problemi ilə həkimə müraciət edib, analizlər nəticəsində onda hepatit C olduğu aşkarlanıb. Bundan başqa, hepatit C, və hepatit B zamanı heç bir səpki olmadan bütün bədəndə qaşıntılar da olur.

Bəzən xəstə qaraciyərində çoxsaylı patologiyalar olduğu halda hər hansı əlamət olmadığı üçün həkimə müraciət etmir, amma həmin problemə bağlı olan səpgilərlə dermatoloqlara müraciət edir”.

Dəri səpgilərinin daxili orqanların xərçəngi ilə də bağlı olduğunu açıqlayan mütəxəssis deyib ki, xərçənglə yanaşı inkişaf edən dəri xəstəliyi də müşahidə olunur və bəzi səpkilər yalnız metastaz mərhələsinin əlaməti olur: “Xərçənglə bağlı müalicə alan şəxslərdə sonradan da dəridə problemlər yaranır. Bəzi daxili orqanların xərçəngində hətta metastaz zamanı dəridə dəyişikliklər yaranır, məsələn, sinə, üz hissədə tüklər artmağa başlayır. Biz hətta belə vəziyyətlərə baxıb birmənalı olaraq həmin xəstədə xərçəngin irəliləmiş formada olduğunu deyirik”.

Onun sözlərinə görə, xərçəng problemindən 6 ay, hətta bir il öncə ona bağlı olan dəri səpgiləri yaranır: “Bəzi daxili orqanlarda xəstəlik başlamadan əvvəl dəri səpkiləri yaranır. Təəssüf ki, Azərbaycanda dəri səpkilərinə ciddi yanaşmırlar. Halbuki dəri səpgiləri bir il müddətində həkim tərəfindən nəzarətdə saxlanmalıdır. Hər zaman nəzərə almaq lazımdır ki, dəri səpgiləri bir sıra hallarda ciddi problemlərdən öncə xəbərçi olur. Məsələn, biz bəzən belə səpgiləri müşahidəyə alanda bir müddət sonra hətta ağciyərlərin xərçənginin başlanmasının şahidi olmuşuq”.

M.İskəndərli dermatovenerologiyanın problemlərin qarşısını almaq baxımından, preventiv təbabətdə mühüm rolunun olduğunu vurğulayıb: “Dəri daxildə yaranan, özünü büruzə verməyən problemləri daha tez hiss edir. Ona görə də dəridə yaranan dəyişikliklərə ciddi yanaşmaq lazımdır. Çox təəssüflər olsun ki, xəstələr həkimə çox gecikmiş mərhələlərdə müraciət edirlər”.

Onun sözlərinə görə, hiperhidroz, yəni həddən artıq tərləmə daxili xəstəlikdən xəbər verə bilər: “Əl-ayaq tərləmələri nevroloji problemlərlə də bağlı ola bilər”.

Mütəxəssis ən çox yayılan problemlərdən biri - şəkərli diabetə ilkin diaqnozun da dəri vasitəsilə də qoyula bildiyini açıqlayıb: “Şəkərönü vəziyyət zamani bədənin bəzi yerlərində dərinin tündləşməsi və papillomalar da ola bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR