BDU rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasına qatılıb

BDU rektoru Avrasiya Universitetlər Assosiasiyası Şurasının iclasına qatılıb
# 13 aprel 2016 15:58 (UTC +04:00)

Bakı-APA. Aprelin 12-də Rusiya paytaxtında - M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Avropa və Asiyanın 11 ölkəsini əhatə edən Avrasiya Universitetlər Assosiasiyası (AUA) Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, dövlət rəsmiləri və Assosiasiyaya üzv universitetlərin rektorları iştirak edib.

İclasda Azərbaycanı Bakı Dövlət Universitetinin (BDU) rektoru, Assosiasiyanın vitse-prezidenti, akademik Abel Məhərrəmov təmsil edib. BDU-dan APA-ya bildirilib ki, Şuranın iclasını Assosiasiyanın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi açıb. O, AUA-na üzv universitetlər arasında təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkə universitetləri ilə münasibətlərin inkişaf etdirilməsindən danışıb.

Plenar iclasda çıxış edən A. Məhərrəmov Assosiasiyanın ilk üzvlərindən olan BDU tərəfindən əməkdaşlığın yeni formalarının yaradılması, qorunması və möhkəmləndirilməsi istiqamətində cari dövrdə görülən işlərdən söz açıb. Bu fəaliyyətlər çərçivəsində Yesentuki şəhərində BDU-nun ilk rektoru Vasiliy Razumovskinin barelyefinin açılması, Bakı Dövlət və Moskva Dövlət universitetlərinin laboratoriyalarında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin uğurlu nəticələri, Dubnadakı Nüvə Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq, ortaq layıhə və proqramlar, digər məsələlərdən danışıb.

Şuranın iclasında Avrasiya Universitetlər Assosiasiyası XIII Qurultayının qərarına əsasən AUA-nın fəaliyyətinin perspektiv məsələləri, eyni zamanda universitetlərin təhsil və elm sahəsində qarşılıqlı əlaqələrinin dərinləşməsi istiqamətində müzakirələr aparılıb. Şuranın qərarlarından biri də Avrasiya Şəbəkə Universitetinin yaradılması ilə bağlı Anlaşma Memorandumunun imzalanması olub. İclasda, həmçinin Assosiasiyaya uzv universitetlərin rəqabətliliyinin, nüfuzunun artırılması, dünyada tanıdılması məqsədilə reytinqini müəyyən etmək üçün işçi qrupunun yaradılması qərara alınıb.

Qeyd edək ki, rektor Abel Məhərrəmov iclas çərçivəsində “Lomonosov” Beynəlxalq Gənclər Forumunun açılışında iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR