II SABAH Forumunun açılış mərasimi keçirilib

II SABAH Forumunun açılış mərasimi keçirilib
# 04 dekabr 2015 19:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə II SABAH Forumu öz işinə başlayıb.

APA-nın xəbərinə görə, Forumda ilk olaraq Azərbaycanın Dövlət himni səsləndirilib. Forumu giriş sözü ilə təhsil naziri Mikayıl Cabbarov açıb.

Nazir çıxışında bildirib ki, Azərbaycanın regional və qlobal rəqabətdə üstünlük qazanması üçün ali təhsildə keyfiyyətin artırılması vacib şərtdir: “Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə islahatlar üçün mühüm zəmin yaradır”.

M. Cabbarov qeyd edib ki, ali təhsil sahəsində islahatların yeni mərhələsi başlayıb: “Müasir çağırışlara cavab verən, rəqabətə qabil kadr hazırlığı baxımından SABAH qruplarından gözləntilərimiz çox böyükdür”.

Nazir onu da qeyd edib ki, SABAH qruplarında təhsil alan tələbələr yaxın gələcəkdə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər.

Daha sonra tədbirdə SABAH qruplarında təhsil alan 3-cü kurs tələbələri çıxış edib. Eyni zamanda, SABAH qrupları və I SABAH Forumu ilə bağlı video-xronika nümayiş olunub.

Qeyd edək ki, Forum sabah da davam edəcək. Forumun ikinci günündə müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda müzakirələr aparılacaq, habelə “ustad dərsləri”, eləcə də tələbələr arasında intellektual oyunlar keçiriləcək. Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır.

Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR