Taleh Ziyadov: “Tariflərin azaldılması Bakı Limanı vasitəsilə yükdaşımanı artıracaq”

Taleh Ziyadov: “Tariflərin azaldılması Bakı Limanı vasitəsilə yükdaşımanı artıracaq”
# 03 dekabr 2015 15:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu gün Avropa İttifaqı və quruma üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının nümayəndələrindən ibarət heyət Bakının Qaradağ rayonun Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanına səfər ediblər.

APA-Economics” xəbər verir ki, görüşdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi ilə yanaşı, Avstriya, Belçika, Niderland Krallığı, Rumıniya, İsveç, Yunanıstan, Böyük Britaniya, Danimarka, Almaniya və İspaniya səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Görüş çərçivəsində qonaqlar limanla tanış olub, regionun iqtisadiyyatına verəcəyi töhfələr ətrafında müzakirələr aparıblar. Qonaqlara limanın tikinti fazaları və burada yaradılacaq Beynəlxalq Logistika və Ticarət Zonası haqqında ətraflı məlumat verilib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bərə terminalının yük həcminin aylıq 10-12 min vaqon götürmə qabiliyyətinə malik olduğunu deyib. O bildirib ki, quru konteyner terminalı da tikinti mərhələsindədir və gələcəkdə burada “Ro-Ro” terminalı fəaliyyət göstərəcək.

“2016-cı ildə “Ro-Ro” terminalının təhvil verilməsi planlaşdırılır. 2017-də isə digər mərhələlər qurtaracaq və həmin ilin sonuna kimi birinci mərhələyə aid bütün tikinti işləri başa çatacaq. Bakıda yerləşən, beynəlxalq standartlara uyğun “Ro-Ro” terminalı Ələtə köçürüləcək. Əsas yüklər Türkiyədən gəlir və tranzit olaraq Qazaxıstana gedir”, - deyə T. Ziyadov bildirib.

T. Ziyadov qeyd edib ki, Xəzər dənizində 13 bərə yükdaşıma ilə məşğuldur. Onun sözlərinə görə, məhz bu bərələrlə Aktau istiqamətində 6 aydır ki, daşınma həyata keçirilir və son aylarda bu daşınma daha da intensivləşib: “Bundan sonra da fəaliyyətimizi Aktau istiqamətində qurmuşuq. Türkmənistan istiqamətində isə fəaliyyət Bakıdan davam edəcək”.

T. Ziyadov tırların uzun müddət növbədə dayanmaması üçün dünyanın istənilən yerindən sayta daxil olaraq gediləcək istiqamətə bilet almağın mümkün olacağını da bildirib.

Tariflərin aşağı salınması ilə bağlı məsələyə münasibət bildirən qurumun baş direktoru Xəzər dəniz gəmiçiliyinin 20% endirim etdiyini qeyd edib.

“Xəzər dəniz gəmiçiliyi tərəfindən olunan bu endirim müsbət nəticə verəcək. Bəlli tarifin enməsi təbii ki, yük daşmalarında müsbət nəticə verəcək. Bir liman bir tırdan yalnız 33 manat pul qazanır. Bu limanın özünə çox böyük maddi gəlir olmasa da, biz bunu strateji cəhətdən qiymətləndiririk. Çünki, tranzitin artması ölkə üçün faydalıdır”, - deyə T. Ziyadov vurğulayıb.

Türkiyədən Asiyaya gedən tırların sayının 60 minə yaxın olduğunu deyən T. Ziyadov bunun 10%-nin Azərbaycandan keçdiyini bildirib: “6 ay əvvəlki statistikamıza baxsanız, görərsiniz ki, Bakı-Aktau istiqamətində artım müşahidə olunub. Noyabr ayında bizim liman 1000-dən çox tır aşırıb. Son hadisələr bu aşırmanın sayını intensivləşdirəcək. 60 min tırdan 50%-i Türkmənistan, 8-10 mini Qazaxıstan istiqamətində gedib. Daha öncə Bakı imanı vasitəsilə tırların təxminən 2 mini Azərbaycandan keçib. Bu o deməkdir ki, bundan sonra əlavə artım hesabına 6-8 min arası Türkiyə tırı da Azərbaycan vasitəsilə Qazaxıstana gedəcək”.

Bu layihəyə Çin, Orta Asiya, İran, Rusiya və Avropada böyük maraq olduğunu qeyd edən T. Ziyadov bu limanın bölgədə ən böyük liman olduğunu deyib.

“Gələcəkdə bu, sırf qeyri-neft sektoruna təkan verəcək bir liman olacaq. 400 hektarlıq ərazinin 100 hektarının logistika və ticari zona kimi xüsusi hüquqi rejim altında fəaliyyət göstərməsi nəzərdə tutulub. 400 hektar ola bilsin ki, daha da artırılsın. Burada müxtəlif cür ticarət fəaliyyəti də olacaq. Dünyanın hər tərəfindən, eləcə də Avropadan şirkətlər bura gəlib fəaliyyət qura biləcəklər”, - deyə T. Ziyadov bildirib.

T. Ziyadov əlavə edib ki, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə düşməsi yükdaşımaya əhəmiyyətli təsir edəcək: “Təchizat zənciri əgər Çindən Avropayadırsa, aradakı əskik olan halqanı tamamlamaq lazımdır. “Bakı–Tiflis-Qars” həmin halqanın əskik olan hissəsidir. Beləliklə, Çindən Türkiyəyə, Türkiyədən də Avropaya konteynerlər gedəcək. Avqustun 3-də dəmiryolu vasitəsilə ilk konteyner gəlib. Növbəti reyslər nəzərdə tutulur, bunu da Qars-Axalkalaki işə düşənə qədər daha çox portlar, limanlar vasitəsilə həyata keçirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR