Böyük Britaniya Parlamentində “Sonsuz Dəhliz” filminin təqdimatı keçirilib

Böyük Britaniya Parlamentində “Sonsuz Dəhliz” filminin təqdimatı keçirilib
# 24 fevral 2016 14:29 (UTC +04:00)

Bakı-APA. Fevralın 23-də Böyük Britaniya Parlamentinin “Boothroyd Portcullis House” adlı binasında kinematoqrafiya sahəsində dünyanın nüfuzlu mükafatlarına layiq görülmüş ABŞ və Litvanın birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin premyerası keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya bildirilib ki, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun (APPG) sədri, millət vəkili Bob Blekmen, qrupun üzvü Baronessa O’Kateynin və Lord Hovardın iştirakı ilə keçirilən tədbir 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunub. Nümayiş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində AAC tərəfindən təşkil edilib.

Böyük Britaniya parlamentinin 110 üzvü, media mənsubları, xeyriyyəçilər, Azərbaycan diasporunun fəalları, Azərbaycanın dostları və kinosevərlər qarşısında çıxış edən AAC-ın direktoru Lionel Zetter bildirib ki, bu kampaniya çərçivəsində “Sonsuz Dəhliz” filminin təqdimatı və 100-dən artıq ölkədə Xocalıya həsr edilmiş xatirə tədbirləri keçirilib. L.Zetterin sözlərinə görə, Xocalı Dağlıq Qarabağ münaqişəsini simvolizə edir. Ona görə ki, Xocalıda qadın, uşaq və qocaların kütləvi qətli törədilib: “Xocalı hadisələri yaddaşlarda yaşayır. Filmin ötən il keçirilən nümayişi zamanı mən, Xocalı sakini Valeh Hüseynovla görüşmək şərəfinə nail oldum. Onun keçdiyi yol, həyat yoldaşının güllələnməsi haqqında verdiyi ağrılı ifadələri filmdə səsləndirilib. Ona qəddarcasına işgəncə verilib, lakin, bu günə qədər sağ qala bilib”.

Münaqişənin həlli prosesinə toxunan Lionel Zetter tədbir iştirakçılarına məlumat verib ki, hazırda Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonu hələ də Ermənistanın işğalı altında qalmaqda davam edir. Bu da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin birbaşa pozuntusu deməkdir: “Bu status-kvo nə Azərbaycan, nə də dünyanın hər hansı ölkəsi üçün qəbulediləndir. Ümid edirəm ki, bugünkü film nümayişi həmin müdhiş gecədə faciəvi şəkildə həlak olanların bir xatirə abidəsi olacaq və siz sağ qalmış azərbaycanlıların dərdinə şərik çıxacaqsınız”.

Millət vəkili Bob Blekmen deyib ki, “Sonsuz Dəhliz” filmində ürək dağlayan görüntülər var və bunlar danılmazdır: “Qırğının baş verdiyinə şübhə yoxdur”.

O, Azərbaycana səfərləri zamanı münaqişədən zərər çəkmiş bir milyona yaxın qaçqın və məcburi köçkünün yerləşdirilməsi üçün görülən işlərlə yaxından tanış olması barədə məlumat verib: “Ən böyük faciə ondadır ki, öz doğma torpaqlarında dinc yaşamaq istəyənlərə qarşı törədilmiş müharibə və insanlığa qarşı cinayətlərə görə heç kəs məsuliyyətə cəlb edilməyib. Bu həftə mən, parlamentdə Xocalı qurbanlarını anmaq və müzakirələr keçirmək üçün müvafiq təkliflə çıxış edəcəyəm. Hər dəfə Azərbaycana səfər edəndə bir sual meydana gəlir – Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir tərəqqiyə nail olunmayıb. Görəsən, nəyə görə dünyanın bu hissəsi unudulub? Fikrimcə, bu filmi mümkün qədər çox insan – xüsusilə siyasətçilər görməlidir. Mən parlament üzvlərinin faciə haqqında məlumatlandırılmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm”.

Filmin rejissoru Aleksandras Brokas təəssüflə bildirib ki, hər dəfə dünyanın müxtəlif şəhərlərində bu filmə baxarkən orada göstərilən insanların təqribən 50 faizinin vəfatı etməsi haqqında aldığı xəbərlər onu çox kədərləndirir: “Travma nəticəsində danışmaq qabiliyyətini itirmiş gənc Günay filmin çəkilişlərindən iki həftə sonra vəfat edib. Ən vacib aspekt ondadır ki, filmdə çəkilmiş insanlar indi bilirlər ki, onlar öz ağrı və kədərləri ilə tənha deyillər. Biz günahsız insanların nələrə məruz qaldıqlarını göstərmək məqsədini qarşıya qoymuşduq”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Tarixə nəzər salan səfir, Dağlıq Qarabağ münaqişəsi zamanı bölgədəki geosiyasi vəziyyət haqqında məlumat verib, problemin yaranmasına təsir edən amilləri təhlil edib.

Sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilmişdir. Nümayişdən sonra filmin prodüseri Aleksandras Brokas iştirakçıların suallarını cavablandırıb.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR