Gömrük və logistika üzrə beynəlxalq konfrans davam edir

 Gömrük və logistika üzrə beynəlxalq konfrans davam edir
# 03 may 2018 13:41 (UTC +04:00)

Bu gün Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Konfransı davam edib.

Dövlət Gömrük Komitəsindən “APA-Econopmics”ə verilən məlumata görə, bu gün konfrans "Təhlükəsiz təchizat zəncirinin yaradılması: özəl sektor operatorları üçün SİO perspektivləri" mövzusunda təqdimatlarla işə başlayıb.

Mövzu ilə bağlı Allianca PROCOMEX/Braziliya Sənaye Federasiyasının (CNI) icraçı koordinatoru John Mein, Renault-Nissan şirkətinin Rusiya və MDB ölkələrində gömrük və ticarət məsələləri üzrə direktoru Lyubov Babeşhko, Moldova Ticarət Palatasının vitse-prezidenti Nataliya Calenic, Boliviya Milli Gömrük Brokerləri Palatasının vitse-prezidenti Luis Ernesto Kastedo və Beynəlxalq SİO Assosiasiyasının SICA əlaqələndirmə mərkəzinin rəhbəri Joe Henry Thompson məruzələrlə çıxış ediblər.

Sonra "İpək yolu: sərhəd təhlükəsizliyi perspektivi" adlı əsas məruzə ilə "KGH Border Services" şirkətinin prezidenti və icraçı direktoru Lars Karlsson çıxış edib.

Məruzəçi dünyada qloballaşma prosesindən və bunun iqtisadiyyata, ticarətin inkişafına təsirindən söhbət açıb. Lars Karlsson qədim və müasir ticarət yollarının üzərində yerləşən Azərbaycan və paytaxt Bakının fantastik şəkildə dəyişərək sürətlə inkişaf etdiyini vurğulayıb, ölkənin beynəlxaq ticarətin inkişafına verdiyi dəstəyin mühüm rol oynadığını bildirib.

Dünyada baş verən iqtisadi proseslər, ticarətin iqtisadiyyatın inkişafındakı rolu, yeni ticarət modelləri və qlobal dəyər zəncirlərindən bəhs edən məruzəçi, sərhəd təhlükəsizliyinin təmin olunması və bu sahədə informasiya texnologiyalarının rolu barədə də danışıb.

Səlahiyyətli İqtisadi Operatorların beynəlxalq ticarətin sürətli və asan şəkildə həyata keçirilməsindəki rolu, onların yaranması və gələcəkdə perspektivlərinə toxunan Lars Karlsson ticarət zəncirində iştirak edən tərəflər arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra konfransda "Təhlükəsiz təchizat zəncirinin yaradılması: dövlət sektoru proqramları üçün SİO perspektivləri" mövzusunda təqdimatlar keçirilib.

Mövzu ətrafında çıxış edən Uruqvay Gomruk İdarəsinin baş direktoru Enrike Kanon ticarətin təhlükəsizliyinin təmin olunması məqsədilə atılacaq addımlardan bəhs edib, gömrük orqanlarının bu sahədəki fəaliyyət istiqamətlərinə toxunub və müsbət nəticələrin əldə edilməsi üçün özəl sektorun, xüsusilə, orta və kiçik sahibkarlıq subyektlərinin dövlət tərəfindən dəstəklənməsinin önəmini diqqətə çatdırıb.

Daha sonra Türkiyə Gömrük və Ticarət Nazirliyinin idarə rəisi Jalə Arslan, Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin beynəlxalq əlaqələr şöbəsinin rəis müavini Maka Khvedelidze və Yaponiya Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktorunun siyasi müşaviri Toşihiko Osava mövzu ilə bağlı məruzə söyləyiblər.

Konfransın iş günü başa çatdıqdan sonra iştirakçılar yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.

Xatırladaq ki, konfransın işinə mayın 4-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR