Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq qeyri-hökumət təşkilatının nümayəndəsi Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndinə səfər edib.
APA-nın yerli bürosunun xəbərinə görə, 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilən səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Səfər iştirakçıları ilk olaraq Talış kəndinə yerləşən rus-pravoslav kilsəsini ziyarət ediblər. İşğaldan azad olunduqdan sonra kənddə aparılan bərpa işləri ilə tanış olublar. Daha sonra Suqovuşana gələn nümayəndə heyətinə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəsəbə haqqında məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə son bir ildə qəsəbədə xeyli işlər görülüb. Su Elektrik stansiyaları inşa olub, yeni yollar çəkilib, Suqovuşan su anbarında təmir bərpa işləri aparılıb.
Qonaqları Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev müşayiət edib. Məlumat verilib ki, müharibə dövründə Ermənistanın siyasi-hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətləri ilə barışmayaraq cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə Tərtər şəhərini və ətraf yaşayış məntəqələrini atəşə tutaraq insanlıq əleyhinə cinayətlər törədib. Ermənilərin hücumları nəticəsində çoxlu sayda mülki şəxs həlak olub və ya yaralanıb.
Daha sonra Tərtər şəhərinə gələn qonaqlara Ermənistanın Tərtər şəhərində törətdiyi cinayətləri özündə əks etdirən foto stendlərlə tanış olublar. Sonra Tərtər şəhərində qeyri-hökumət təşkilatlarının iştirakı ilə konfrans təşkil olunub.
Konfransın sonunda QHT nümayəndələrinin Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsi və Talış kəndlərinə səfərinin nəticələrinə dair bəyanat qəbul edilib. QHT-lər 10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günündə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, minalanmış ərazilərin xəritələri və digər zəruri məlumatların Azərbaycana təqdim edilməsi üçün Ermənistana təsir göstərməyə, Azərbaycana işğaldan azad olmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə dəstək verməyə, sülh naminə birgə səylər göstərməyə çağırıb.