Akademik Musa Əliyevin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib

Akademik Musa Əliyevin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 15 may 2018 10:44 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim Musa Əliyevin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Musa Əliyevin həyat və fəaliyyəti haqqında danışıb. O bildirib ki, 2008-ci ildə Musa Əliyevin 100 illik yubileyini təkcə Bakıda yox, Parisdə də geniş qeyd edilib.

Azərbaycan elmində Musa Əliyevin özünəməxsus yeri olduğunu qeyd edən Akif Əlizadə deyib ki, harada işləməsindən asılı olmayaraq, onun əsas amalı Azərbaycana xidmət etmək olub: “Musa Əliyev Azərbaycanda mezozoy faunasının sistemli öyrənilməsinin əsasını qoyub. Musa Əliyev müəllim təkcə alim kimi yox, eyni zamanda gözəl müəllim kimi tanınırdı və o, Azərbaycan elminə çoxsaylı tələbələr, alimlər bəxş edib. Musa müəllim 1950-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilib, 1957-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsini və professor elmi adını alıb. O, bütün həyatını elmlə həsr etmişdi. 1950-1958-ci illərdə o, Azərbaycan SSRİ Elmlər Akademiyasının prezidenti olub, onun fövqəladə təşkilatçılıq fəaliyyəti nəticəsində orada fizika, riyaziyyat, kimya, astronomiya, iqtisadiyyat və s. elm sahələrinin inkişafına güclü təkan verilib. Qısa müddətdə onun təşəbbüsü ilə onlarla elmlər doktoru və namizədi hazırlanmış, 200-ə qədər doktorant və aspirant keçmiş İttifaqın nüfuzlu elm və tədris mərkəzlərinə göndərilib”.

Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov “Görkəmli alimin şərəfli həyat yolu” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, alimin əsas uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük yatağın (“Neft Daşları”) açılışı olub.

Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı “Akademik Musa Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin sonunda Musa Əliyevin həyat və yaradıcılığında həsr olunan film də nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR