“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi həyata keçiriləcək

“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi həyata keçiriləcək
# 25 oktyabr 2016 11:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” adlı layihə həyata keçirəcək.

APA-nın xəbərinə görə, layihənin açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 2 il davam edəcək layihə dünyanın ən mühüm problemlərindən biri olan gender əsaslı zorakılığın qarşısının alınmasına həsr olunub. O deyib ki, əsas məqsəd müvafiq dəstək və istiqamətləndirmə mexanizminin yaradılmasıdır: “Gender əsaslı zorakılıqla mübarizə aparmaq, mövcud qanunvericiliyi təkmilləşdirmək, yanlış stereotipləri dəyişmək üçün müvafiq dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə səmərəli işbirliyinin olması çox vacibdir. Artıq kifayət qədər mütəxəssislər var ki, onlar qadın və uşaq hüquqlarının müdafiəsi, o cümlədən qanunvericilik sahəsinin gücləndirilməsi və digər istiqamətlərdə beynəlxalq səviyyədə öz təcrübələri ilə bölüşə bilərlər. Ölkədə qadın hüquqlarının müdafiəsi, milli qadın hərəkatının formalaşması və genişlənərək institutlaşması üçün mühüm işlər görülüb. Biz bu layihəyə böyük ümidlər bəsləyirik və inanırıq ki, qarşılıqlı əməkdaşlıq nəticəsində gender əsaslı zorakılığın qarşısının alınmasında, bu sahədə qurumlararası əməkdaşlığın təkmilləşdirməsində müsbət nəticələr əldə edəcəyik”.

BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa bildirib ki, zorakılıqla bağlı Azərbaycan hökumətinin gördüyü bütün işləri alqışlayır: “Qadınların zorakılığa məruz qalmaması üçün bir çox tədbirlər görülməlidir. Azərbaycanda qadınlara qarşı zorakılığın bütün hallarının qarşısını almaq üçün layihənin həyata keçirilməsinə komitə çox böyük dəstək verib. Bu layihə çox uğurla həyata keçiriləcək”.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Uilyam R. Gill isə qeyd edib ki, qadınlara dəstək, zorakılıqla mübarizə əsas prioritetlərdən biridir. Dünyada hər 3 qadından birinin öz həyatı boyunca fiziki, yaxud seksual sui-istifadəyə məruz qaldığını deyən R. Gill vurğulayıb ki, bu cür zorakılıqlar həm emosional travmalara, həm də fiziki əlilliyə gətirib çıxarır, bəzən ölümlə nəticələnir: “Bu cinayət insan kapitalını, resurslarını məhdudlaşdırır. Qadınlara və qızlara qaşı zorakılıq gender bərabərsizliyinin kəskin formasıdır. Bu mənada ayrı-ayrı hökumətlər strateji tədbirlər həyata keçirərək həm fərdi, həm də struktur səviyyədə institusional işlər görməlidir. Hərtərəfli yanaşma dedikdə, qanunvericilikdə islahatların həyata keçirilməsi tələb olunur, əlaqələndirilmiş formada zorakılıq qurbanlarına dəstək göstərilməlidir. Yalnız əlaqəli şəkildə idarə etməklə biz zorakılığın mənfi təsirləri ilə mübarizə apara, insanların sağlamlığını, təhlükəsizliyini təmin edə bilərik”.

Təhsil Nazirliyinin De-İnstitutlaşma və uşaqların müdafiəsi idarəsinin rəisi Məlahət Haciyeva isə bildirib ki, ümumilikdə Azərbaycanda son 10 il ərzində gender məsələsinin müxtəlif sahələrinə aid bir çox araşdırma aparılıb, əldə edilmiş nəticələr təhsil strukturunun inkişafına dair hesabatlarda və aparılan islahatlarda öz əksini tapıb. Onun sözlərinə görə, gender bərabərliyi, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən də maarifləndirmə ilə bağlı müxtəlif tədbirlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR