UNEC şəhidlərini yad edib

 UNEC şəhidlərini yad edib
# 19 yanvar 2017 11:59 (UTC +04:00)

Yanvarın 19-da UNEC-də “20 Yanvar” hadisələrinin 27 illiyinə həsr edilən tədbir keçirilib.

UNEC-dən APA-ya bildirilib ki, UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidənin önündə təşkil edilən tədbirdə universitetin professor-müəllim heyəti ilə birlikdə şəhid ailələri də iştirak edib.

Rektor, professor Ədalət Muradov faciənin başvermə səbəblərindən söz açaraq, 27 il əvvəl törədilən qətliamın insanlığa qarşı qatı cinayət olduğunu, yaddaşlara “Qara Yanvar” gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü sayıldığını vurğulayıb.

“Şəhid tələbələr hər zaman bizim qürur mənbəyimiz olub” deyən rektor, UNEC-də onların adının daim hörmət və ehtiramla xatırlandığını bildirib.

Rektor hadisələrə siyasi-hüquqi qiymət verilməsi barədə də danışıb. Qeyd edib ki, bu hadisələrə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib.

UNEC-in şəhid tələbəsi Habil Əzizovun qardaşı Etimad Əzizov qardaşı ilə bağlı xatirələrini bölüşüb: “Qardaşım Habil doğum günündə şəhidlik zirvəsinə ucalıb. Bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edirdi. Tale belə gətirdi ki, o məzun ola bilmədi və İqtisad Universitetinin əbədi tələbəsi adını qazandı”.

Tədbirə qatılan digər şəhid yaxınları – İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov və Məhəmməd Umudovun atası Eldar Umudov şəhid ailələrinə olan dövlət dəstəyindən söz açıblar.

20 yanvar şəhidi Aslan Ağaverdiyevin nəvəsi, UNEC-in tələbəsi Aslan Əzimzadə adını daşıdığı babasının şəhidlik zirvəsinə ucalmasından söz açıb. “Şəhid ailəsində göz açdığımdan əminliklə deyə bilərəm ki, dövlətimizin diqqətini hər zaman hiss etmişəm” deyən A.Əzimzadə UNEC tələbələrinin şəhidlərin qəhrəmanlıq yolunu davam etdirməyə hazır olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR