"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarlarının strukturu dəyişə bilər

"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarlarının strukturu dəyişə bilər
# 20 sentyabr 2017 10:46 (UTC +04:00)

"Unicredit" Mərkəzi və Şərqi Avropadakı aktivlərini artırmaq məqsədilə törəməsi olan "Yapı Kredi" bankına yatırdığı investisiyaların həcmini artıra bilər. "APA-Economics" xəbər verir ki, bunu "Bloomberg TV"-yə müsahibəsində "Unicredit"in baş icraçı direktoru Jan Pyer Mustye (Jean Pierre Mustier) bildirib.

Onun sözlərinə görə, investisiya qoyuluşu "buna ehtiyac yarandığı halda" baş tuta bilər.

Bankir qeyd edib ki, "Yapı Kredi" stabil şəkildə artım nümayiş etdirir və ana müəssisə olan "Unicredit" bundan razıdır: "Türkiyədəki bankımız çox yaxşı dinamika nümayiş etdirir. Bizim Koç ailəsi ilə çox gözəl tərəfdaşlığımız var. Bir müddət öncə Türkiyədə Koç ailəsi ilə bir araya gəldik və "Yapı Kredi"nin nailiyyətlərini müzakirə etdik. Hər iki tərəf məmnundur".

Xatırladaq ki, bir müddət öncə türk mediasında yayılan xəbərə görə, "Unicredit" və "Koç Group" "Yapı Kredi" bankının kapitalını 1 mlrd. dollar artırmaq barədə razılığa gəliblər. J. P. Mustye bildirib ki, bu təklif hələ də masanın üzərindədir.

Qeyd edək ki, "Unicredit" "Yapı Kredi"in nizamnamə kapitalında 41%-lik paya malikdir.

Onu da əlavə edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC "Unicredit" və "Yapı və Kredi Bankası A.Ş." banklarının törəmə bankıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR