Gözdən Əlillər Cəmiyyəti sədrinin məhkəməsində zərərçəkmişə dəyən ziyanın ödənildiyi bildirilib

Gözdən Əlillər Cəmiyyəti sədrinin məhkəməsində zərərçəkmişə dəyən ziyanın ödənildiyi bildirilib
# 30 aprel 2018 16:46 (UTC +04:00)

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində cəmiyyətin Nərimanov rayon filialının komendantı Mürsəl Hümbətov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslərin əməlləri barədə eşidib, lakin şahid olmayıb.

M. Hümbətov zərərçəkmişləri cəmiyyətin qeydiyyat kitabçasına yazmadığını deyib.

Təqsirləndirilən S. Abdullayev də hazırda zərərçəkən şəxsləri cəmiyyətin yataqxanasına qeydiyyata almadığını bildirib.

Sonra zərərçəkmiş Mətanət Cəlilova ifadə verib. O deyib ki, təqsirləndirilən Məzahir Nəsibova 25 min manat məbləğində pul verib. M. Cəlilova ona vurulan ziyanın ödənildiyini deyib.

Proses mayın 7-də davam etdiriləcək.

Qeyd edək ki, S. Abdullayev və digərləri Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil vermək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.

M. Nəsibov isə təqsirləndirilən şəxs qismində tanınır və ölkədə olmadığı üçün beynəlxalq axtarışa verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR