MM-də insan orqan və toxumalarının transplantasyiası haqqında qanunla bağlı dinləmə keçirilib

MM-də insan orqan və toxumalarının transplantasyiası haqqında qanunla bağlı dinləmə keçirilib
# 09 fevral 2018 10:28 (UTC +04:00)

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmə təşkil edib.

APA-nın məlumatına görə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu gün orqan transplantasiyası təbabətin aktual sahələrindən biridir: “Bu gün çox az orqan var ki, donordan, yaxud meyitdən insana köçürmək mümkün olmasın. Orqan tranplantasiyasının tək tibbi yox, həm də hüquqi və mənəvi tərəfləri var. Hüquqi və mənəvi yanaşma düzgün olmadıqda, bu, bir buxova çevrilir. Ona görə də hüquqi məsələlər həllini tapmalıdır ki, orqan transplantasiyası inkişaf etsin. Azərbaycanda bir neçə klinika var ki, orqan transplantasiyaları həyata keçirir. Qaraciyər, böyrək, süni orqanların, göz qişasının, sümük iliyinin transplantasiyası uğurla həyata keçirilir”.

Səhiyyə Komitəsinin sədri müavini Musa Quliyev də Milli Məlumat Sisteminin yaradılmasını, kimsəsiz insanlar vəfat etdikdən sonra orqanların köçürülməsi məsələsinin müzakirə olunmasını vacib sayıb.

Millət vəkili, kardiocərrah Rəşad Mahmudov da məsələyə münasibət bildirib: “Niyə bizim ölkədə son illər meyitdən orqan transplantasiyası həyata keçirilməyib? İlk dəfə 1973-1974-cü ildə Azərbaycana meyitdən orqan transplantasiyası icra olunub. Türkiyə 1995-ci ildə bu problemlə bağlı suala fərqli yanaşdı. İlk növbədə süni nəfəs aparatı olan və beyin ölümünün müəyyənləşdirildiyi xəstəxanaların sayı müəyyənləşdirildi. Digər tərəfdən, xəstəxanalara beyin problemi ilə daxil olan xəstələrin neçə faizinin beyin ölümü ilə daxil olması müəyyənləşdirilməlidir. Məsələn, İspaniyada 20 il əvvəl belə xəstələrin 11-16 faizinin beyin ölümü gerçəkləşmiş halda xəstəxanaya daxil olduğu üzə çıxıb. Türkiyə ilk növbədə bu məsələlərə diqqət yetirdi. Biz də bu təcrübədən istifadə etməliyik”.

Cərrah-transplantoloq Mircəlal Kazimi qeyd edib ki, transplantasiya hüququ ilə bağlı lisenziya tək xəstəxanaya yox, həkimə də verilməlidir. M. Kazımi avtomobil qəzaları zamanı beyin ölümü gerçəkləşən insanlardan orqanların götürülməsinə icazə verilməsini, bunun üçün həmin şəxsin qohumlarının icazəsinin gözlənilməməsini təklif edib: “Beyin ölümü diaqnozu protokolda əksini tapmalı və bu protokol 15 il saxlanılmalıdır. Canlı donor xəstənin həyat yoldaşı olduğu halda ən azı bir il rəsmi nikah əsas götürülməlidir. Dövlət müəssisələrində olan kimsəsiz insanlarla bağlı yerli icra hakimiyyəti orqanlarında Etika şurası yaradılmalı və bu şuralar müvafiq razılıq verməlidir. Bu məsələlərin qanunda əksini tapmasını təklif edirəm”.

Millət vəkili Məlahət İbrahimqızı isə qəzada həyatını itirən insanların yaxın qohumlarının razılığı olmadan orqanlarının götürülməsinin yolverilməz olmadığını vurğulayıb.

Azərbaycan Tibb Universitetinin I Cərrahi Xəstəliklər kafedrasının müdiri, cərrah-transplantoloq Nuru Bayramov Azərbaycanda qohum olmayan insanların donor qismində çıxış etməsi üçün Etika komissiyasının yaradılmasını təklif edib.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov da ölkədə orqan transplantasiyası sahəsində problemlərin olduğunu söyləyib.

Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov sümük iliyi reyestri yaradılmasını təklif edib.

Mərkəzi Neftçilər xəstəxanasının baş həkiminin müavini Qulam Rüstəmzadə isə xəstəxanalarda beyin ölümü üzrə təlimatların olmadığını nəzərə çatdırıb: “Beyin yeganə orqandır ki, onun ölümü insanın ölümünə adekvatdır. Əgər belə təlimat yoxdursa, həkimlər insanı sağ saya bilərlər”.

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov isə bu ilin yanvar ayında Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nı təsdiq etdiyini və artıq belə bir təlimatın olduğunu nəzərə çatdırıb.

Dinləmələr müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR