"Ziraat Bank Azərbaycan": İqtisadi inkişaf maliyyə dayanıqlılığına qurban verilməməlidir

"Ziraat Bank Azərbaycan": İqtisadi inkişaf maliyyə dayanıqlılığına qurban verilməməlidir
# 11 oktyabr 2016 12:36 (UTC +04:00)

Bakı - APA-Economics. Doqquz ildir davam edən qlobal maliyyə böhranının yaxın perspektivdə həllini tapması inandırıcı görünmür. "APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Banklar Assosiasiyasının İdarə Heyətinin sədri, "Ziraat Bank"ın baş icraçı direktoru (CEO) Hüseyin Aydın deyib.

"ABŞ iqtisadiyyatı özünə gəlməyə davam etdiyi bir vaxtda, Avropa İttifaqı və Yaponiyada durğunluq davam edir. Bu isə inkişaf etməkdə olan ölkələrin inkişaf tempinə mənfi təsir edir. Bu ölkələrin başında Çin durur. Hazırda yürüdülən siyasətlər onu deməyə əsas verir ki, bu trend yaxın perspektivdə davam edəcək", - deyə bankir bildirib.

H. Aydın əlavə edib ki, kəmiyyət yumşaldılması (QE) siyasəti ABŞ-dan başqa heç bir inkişaf etmiş ölkədə effektiv nəticə vermədi. "Aşağı faiz dərəcələrinə əsaslanan monetar siyasət yeni fürsətlərin ortaya çıxmasına səbəb olsa da inkişaf tempinin aşağı olması risklərin yüksək səviyyədə qalmasına yol açır. Beynəlxalq maliyyə və investisiya bazarlarında sərt volatillik müşahidə olunmaqdadır. Bu səbəbdən investorlar daha ehtiyatlı davranır. Bu da nəticədə inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf tempinə neqativ təsir edir", - deyə təşkilat rəhbəri bildirib.


H. Aydın əlavə edib ki, iqtisadi inkişaf olduqca önəmlidir, lakin o maliyyə dayanıqlılığına qurban verilməməlidir.

Bankir qeyd edib ki, qlobal iqtisadi böhran xarici ticarət və investisiya yatırımlarına açıq olan Türkiyəyə də ciddi təsir edib.

Qeyd edək ki, H. Aydın "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasının sədridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR