ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb

ABB şirkəti Bakı Ali Neft Məktəbində Təlim Mərkəzi açıb
# 27 noyabr 2017 07:02 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda daha bir transmilli şirkətin Təlim Mərkəzinin açılış mərasimi olub.

Tədbirdə SOCAR, ABB, Britaniya səfirliyi, ALE Heavylift, Aggreko, Avanteq Ltd, Eigen, Expro Group, Glacier Energy Services Ltd, Fluor, International Oilfield Supply Company, Shawcor UK Ltd, WorleyParsons, DIT London və digər şirkətlərin nümayəndələri iştirak edib.

ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov BANM və ABB şirkətinin əməkdaşlığından, eləcə də ABB-nin Azərbaycandakı fəaliyyətindən danışıb.

Daha sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts iki ölkə arasında təhsil sahəsində yaranmış davamlı münasibətlərdən danışaraq BANM və Heriot-Vatt universitetlərinin mühəndis hazırlığı üzrə birgə əməkdaşlıqlarının buna ən gözəl nümunə olduğunu bildirib.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov BANM-in Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan ən uğurlu addım olduğunu bildirərək SOCAR ailəsinin BANM-lə fəxr etdiyini deyib.

BANM-in Mühəndislik fakültəsinin dekanı Zəfər Qurbanov BANM-in fəaliyyəti haqda qısa məruzə edib və ABB şirkətinin ölkə üzrə rəhbəri Rüstəm Qasımova BANM-ə verdiyi önəm və burada təhsilin dəstəyi üçün əvəzsiz köməyi üçün dərin təşəkkürünü bildirib.

Tədbirdə Rüstəm Qasımov və Kerol Krofts BANM-in 15 tələbəsini ABB şirkətində keçdikləri təcrübəyə görə setifikatla təltif ediblər.

Qonaqlar ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzini gəzərək burada yaradılan şəraitlə tanış olublar. Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR