Tiflisdə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib

Tiflisdə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib
# 16 noyabr 2016 21:38 (UTC +04:00)

Tiflisdə Beynəlxalq Tolerantlıq Günü münasibətilə Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə rəsmi qəbul keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Gürcüstan parlamentinin hazırda fəaliyyətdə olan sədri David Usupaşvili, Gürcüstanda akkreditə olan diplomatik korpus nümayəndələri, BMT-nin Gürcüstandakı nümayəndəliyi, Gürcüstan parlamentinə yeni seçilən azərbaycanlı deputatlardan Savalan Mirzəyev və Ruslan Hacıyev, Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili, beynəlxalq təşkilatlar və QHT-lər, müxtəlif milli azlıqların nümayəndələri və jurnalistlər iştirak edib.

Tolerantlıq Gününə həsr edilən tədbiri Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili açıb. O, çıxışında Gürcüstanın tolerant ölkə olduğunu bildirib: “Tiflis tolerantlığın əsl nümunəsidir. Mən bununla fəxr edirəm. Çoxmillətli ölkəmiz olan Gürcüstanımız qarşısına məqsəd qoyub ki, müxtəlif millətlərin nümayəndələri ölkəmizdə mehriban və dostluq şəraitində yaşasın. Bizim abxaz və osetinlərə müraciətimiz ondan ibarətdir ki, biz bir araya gələk və ölkəmizin gələcəyi naminə, inkişafımız naminə birgə fəaliyyət göstərək,” nazir bildirib.

Tədbirdə “Vətənimizin müxtəlifliyi” foto müsabiqəsinə yekun vurulub. Müsabiqə qalibləri mükafatlandırılıb. Tədbirdə həmçinin tolerantlıqdan bəhs edən və Gürcüstanda yaşayan müxtəlif millətlərin, o cümlədən azərbaycanlıların sosial həyat tərzi haqqında çəkilən videoklip də nümayiş olunub. Videoklip Azərbaycan, gürcü, erməni və ingilis dillərinə tərcümə olunub.

Gürcüstan Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili APA-ya açıqlamasında Gürcüstanın dövlət siyasətinin tolerantlığa kökləndiyini bildirib: “Biz ildə bir dəfə Tolerantlıq Gününü təntənəli şəraitdə qeyd edirik. Biz yalnız bu gün deyil, bütün il boyu tolerantlıq içində yaşayırıq. Gürcüstanın dövlət siyasəti tolerantlıq prinsipinə əsaslanır. Bizim “Vətəndaş inteqrasiyası strategiyası” adlı proqramımız var. Bu layihədə bütün millətlər eyni hüquqa malikdir və bu bizim ən başlıca prioritetimizdir. Düşünürəm ki, son illər biz Gürcüstanda yaşayan bütün milli azlıqların hüquqi vəziyyətinin yaxşılaşdırılması üçün vacib addımlar atmışıq. Bizim məqsədimiz odur ki, bütün vətəndaşlarımız öz vətənləri olan Gürcüstanda özlərini bərabər hüquqlu vətəndaşlar kimi hiss etsinlər. Fikirləşirəm ki, biz tədricən bu məqsədə nail olacağıq,” nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstanda keçirilən Tolerantlıq Həftəsi noyabrın 20-də Batumidə, Kutaisidə, Samtrediada, Ozurqetidə və Zuqdididə keçiriləcək 30-cu “Vahid səma altında” festivalı ilə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR