Elman Rüstəmov: "Bu ilin I yarısında valyuta hərraclarında satış 3,5 milyard dollar artıb"

Elman Rüstəmov: "Bu ilin I yarısında valyuta hərraclarında satış 3,5 milyard dollar artıb"
# 01 avqust 2018 11:36 (UTC +04:00)

"2018-ci ilin ötən dövründə monetar şərait neytral səviyyəyə yaxınlaşmaq istiqamətində dəyişib, pul bazası genişlənib, uçot dərəcəsi aşağı salınıb".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilin sonuna və orta müddətli dövrə monetar şəraitin normallaşdırılması potensialı inflyasiya risklərini və gözləntilərini formalaşdıran xarici və daxili amillərin reallaşması ehtimalından asılı olacaq.

" Manatın dollara nisbətən məzənnəsi sabit qalıb, onun nominal effektiv məzənnəsi isə yüksəlib. 2018-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə nominal məzənnə 4,9% möhkəmlənib. Cari ildə Azərbaycandakı inflyasiya ticarət tərəfdaşı olan ölkələrdə orta inflyasiyadan əhəmiyyətli aşağı olub ki, bu da manatın real effektiv məzənnəsinə azaldıcı təsir göstərib. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 2018-ci ilin birinci yarısında 1,2% möhkəmlənib. 2014-cü ilin sonundan bəri manatın real effektiv məzənnəsi 35%-dən çox ucuzlaşıb ki, bu da qeyri-neft sektorunun rəqabət qabiliyyətini dəstəkləyib", - deyə sədr bildirib.

E.Rüstəmov vurğulayıb ki, 2018-ci ilin 6 ayında ölkədə keçirilən hərraclarda valyuta satışı 3,5 milyard dollar artıb, bunun təxminən 1/4-dən çoxu dövlət ehtiyaclarına yönəldilib. Onun sözlərinə görə, aprel ayında manatın məzənnəsinə spekulyativ hücum olub: "Qonşu, tərəfdaş ölkələrin valyutalarının əhəmiyyətli ucuzlaşması nəticəsində manatın məzənnəsinə spekulyativ hücum olub və bu hücum dəf olunub. Aprel ayı istisna olmaqla bütün dövrdə valyuta bazarında tələb və təklif nisbəti təklifin xeyrinə olub", - deyə E.Rüstəmov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR