Yunis Hüseynov: “Əvvəlki illərdə heç olmasa rəqibin adına görə stadiona axın olurdu”

Yunis Hüseynov: “Əvvəlki illərdə heç olmasa rəqibin adına görə stadiona axın olurdu”
# 25 noyabr 2019 17:40 (UTC +04:00)

"Çempionat matçlarına azarkeş gəlir ki, millinin oyunlarına da gəlsin? Bizim azarkeşlər də belədir, onları zorla stadionlara gətirə bilmərik"

Bunu apasport.az saytına bu yaxınlarda AFFA-nın texniki direktorunun müavini təyin olunan Yunis Hüseynov deyib.

Veteran futbolçu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması üçün təkcə nəticə ilə deyil, həm də tamaşaçı sayında antirekordla əlamətdar olmasına münasibət bildirib. Tsiklin 4 ev oyununu cəmi 36422 tamaşaçı izləyib ki, bu da hər oyuna 9106 nəfər deməkdir.

Hüseynov məhsuldarlığın aşağı olmasını 1 xalla əlaqələndirmir: "Düzdür, nəticə çox zəifdir. Amma düşünmürəm ki, azarkeş marağının azalması seçmə mərhələdəki zəif nəticə ilə bağlıdır. Sirr deyil ki, əvvəlki illərdə heç olmasa, rəqibin adına görə stadiona axın olurdu. Qrupda güclü rəqiblərlə qarşılaşmışıq və həmin məntiqə əsasən, Luka Modriçə, Qaret Beylə görə yenə maraq olmalı idi. Bu baş verməyibsə, deməli, səbəb nə nəticə, nə də adla bağlıdır".

Millinin sabiq futbolçusunun fikrincə, əsas səbəb çempionatın səviyyəsinin aşağı düşməsi, rəqabətin, belədə ümumi futbol ab-havasının zəifləməsindən irəli gəlir: "Qarabağ" son illər beynəlxalq oyunlarda nəticə qazanır, amma çempionatda tamaşaçı sarıdan korluq çəkirsə, deməli, izləyicinin istəyi başqadır. Məsələ ondadır ki, rəqabət mühiti əvvəlki kimi deyil. Hər kəs mövsümün əvvəlində çox asanlıqla proqnozlaşdıra bilir ki, çempion böyük ehtimalla, "Qarabağ" olacaq, uzağı "Neftçi" onlara əlcək ata bilər. Əvvəlki illərdə necə idi? Birdən-birə 6-7 komanda - "Bakı", "Xəzər Lənkəran, "Karvan", "İnter", "Neftçi", "Qarabağ", hətta "Olimpik" son turlara qədər çempionluq iddiasını saxlayırdı. Bilirsiz, futbol millinin və ya avrokuboklardakı 2-3 komandanın bir neçə oyunu zamanı yox, hər həftə gündəmdə olmalıdır".

54 yaşlı mütəxəssis millinin zəif nəticəsini legionerlərimizin azlığı ilə əlaqələndirib: "Öz çempionatımızın səviyyəsi aşağıdırsa, rəqabət istənilən səviyyədə deyilsə, bundan yığma da əziyyət çəkir. Bu halda futbolçularımız xaricə üz tutmalıdır. Müqayisə üçün deyim ki, Ramil Şeydayev Rusiyada, Emil Balayev Qazaxıstanda top qovduğu üçün çox artırıblar. Çünki onlar heyətə düşmək üçün üzərlərində çalışmağa məcburdurlar. Burdakılar isə rəqabət hiss etmirlər. Burda da yaxşı futbolçularımız var, ancaq onlar artırmır, əksinə, zəifləyirlər. Sizə özümdən nümunə deyəcəyəm: mən SSRİ birinciliyində top qovmuşdum, müstəqilliyimizin ilk mövsümündə 29 qol vurdum. Halbuki, hücumçu deyildim. Amma tədricən tonusdan düşdüm və məhsuldarlığım azaldı. Çünki rəqabət hiss etmirdim, qarşımdakı futbolçunu rahat aldadırdım. Belə deyim də, gəzə-gəzə oynayırdım. Nəticədə get-gedə zəiflədim. Qoy futbolçularımız maddiyyatı, evdəkilər üçün, dostları üçün darıxmağı tərgidib xaricə üz tutsunlar. Bundan özləri də qazanacaq, futbolumuz da".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR