Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib

Salyanda 5 yaşayış məntəqəsini birləşdirən yeni yol çəkilib
# 23 yanvar 2017 06:36 (UTC +04:00)

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən aparılan işlər yekunlaşıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ümumi uzunluğu 19 km olan yolun 6,2 km-i ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 km-nin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib.

Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Bu problemin həlli üçün cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılıb.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirilib. Ərazidə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılıb. Buna paralel olaraq yola 2 qat olmaqla asfalt-beton örtüyü döşənib. Ümumilikdə 157 min kvadratmetr ərazi asfaltlanıb.

Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Bura 6 metr yolun hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri də aparılıb.

Tikinti işləri bitdikdən sonra yolda nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə 48 ədəd yol nişanları quraşdırılıb, yola 12,8 km uzunluğunda üfüqi nişanlama xətləri də çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə daşınmasına imkan yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR