“Dağ yəhudiləri” dini icmasının sədrinin evindən oğurluq edənlərin şikayəti üzrə məhkəmə başlayıb

“Dağ yəhudiləri” dini icmasının sədrinin evindən oğurluq edənlərin şikayəti üzrə məhkəmə başlayıb
# 12 oktyabr 2016 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Apellyasiya Məhkəməsində "Dağ yəhudiləri" dini icmasının keçmiş sədrinin evindən quldurluqla külli miqdarda pul əldə etməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək onların barələrində olan cəzanın azaldılmasını xahiş ediblər.

Proses oktyabrın 25-də davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Xalid Seyidov 12 il, Eldar Avadyayev 14 il, Coşqun Əliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, quldurluq hadisəsi 2014-cü ilin dekabrında olub. Eldar Avadyayev, Xalid Seyidov və Coşqun Əliyev balta və bıçaqla silahlanaraq, tanınmamaları üçün maska taxıb, "Dağ yahudi"ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin evinə basqın ediblər.

Onlar ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetirib, qadını bıçaqlayıblar. Evdən ümumilikdə 395 min dollar, 91600 manat və 28 min rubl və qızıl-zinət əşyaları aparılıb.

Onu da qeyd edək ki, B. Simanduyev bir müddət əvvəl sədrlikdən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR