Kukla Teatrı Adanada beynəlxalq festivalda iştirak edib

Kukla Teatrı Adanada beynəlxalq festivalda iştirak edib
# 24 oktyabr 2017 14:23 (UTC +04:00)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv qastrolda türkiyəli teatrsevərlər qarşısında “Zəng” adlı mono-tamaşa ilə çıxış edib.

Tamaşanın müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

Festivalda iştiraka görə diploma layiq görülən yaradıcı heyət növbəti festivala, eləcə də qardaş ölkənin Ankara şəhərində reallaşacaq növbəti beynəlxalq teatr festivalına müsabiqəsiz iştirak hüququ qazanıblar.

Ümumilikdə 18 teatrın təmsil olunduğu festival iki ildən bir baş tutur və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyllərini təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR