Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin üzvləri Rumıniyadakı diplomatlarımızla birlikdə Buxarestdə yerləşən Tei Parkındakı Heydər Əliyev xiyabanında Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Sonra Fuad Muradov xaricdə yaşayan rumınlarla iş üzrə nazir xanım Natalya-Elena İntotero ilə görüşüb. Görüşdə iki ölkə diasporlarının birgə əməkdaşlığını və təcrübə mübadiləsini əks etdirən memorandum imzalanıb. F.Muradov dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ilə görüşüb. Görüşdə Rumıniyanın müsəlman icmasının ali müftisi Yusuf Murad da iştirak edib. Sonra Xaricdə Yaşayan Rumınlarla İş Komissiyasının sədri senator Viorel Riçard Badea, Rumıniyanın Baş naziri Viorika Dançilanın iş aparatında dövlət müşaviri Andreea Pastarnak və Baş nazirin strateji tərəfdaşlıqların tətbiqi üzrə müavini xanım Ana Birçal ilə görüşlər keçirilib. Görüşlərdə iki ölkə diasporları arasında əməkdaşlığın istiqamətləri müzakirə olunub. Dövlət Komitəsinin sədri Azərbaycanın Rumıniyadakı səfirliyində Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, Rumıniyada yaşayan azərbaycanlılarla görüş keçirib.
Görüşdə komitə sədri həmvətənlərimizin qayğıları ilə maraqlanıb, soydaşlarımızın təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. O, diaspor hərəkatının keyfiyyətcə yeni mərhələyə keçməsinin gerçəkləşdirilməsi yolu və istiqamətləri barədə məlumat verib. Azərbaycanlıların yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiya problemləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə təbliğatın genişləndirilməsi barədə danışıb. Xüsusilə azərbaycanlılar arasında əlaqələndirmənin gücləndirməsinin mühüm olduğunu vurğulayan sədr gələcəkdə bu istiqamətdə daha qəti addımlar atılacağına inamını bildirib.