“Caspian Energy” jurnalının 100-cü nömrəsi “Caspian Oil&Gas” sərgisi zamanı işıq üzü görəcək

“Caspian Energy” jurnalının 100-cü nömrəsi “Caspian Oil&Gas” sərgisi zamanı işıq üzü görəcək
# 05 aprel 2017 13:06 (UTC +04:00)

Bu ilin iyununda “Caspian Energy” jurnalının Azərbaycan prezidenti İlham Əliyevin eksklüziv müsahibəsinin dərc olunduğu 100-cü yubiley nömrəsi işıq üzü görəcək. “Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, bu barədə “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Maraqlıdır ki, jurnalın birinci buraxılışı kimi 100-cü nömrəsinin təqdimatı da Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz sahəsinin nümayəndələri üçün əlamətdar hadisə olan "Caspian Oil&Gas” beynəlxalq sərgi və konfransının açılışı zamanı baş tutacaq. Həmçinin bildirmək istərdim ki, “Caspian Energy İnternational Media Group” bir neçə ildir “İTE Group” şirkəti və onun partnyoru “İteca Caspian” tərəfindən təşkil olunan sərgi və konfarnsların baş informasiya tərəfdaşıdır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, həmin nömrədə əsas diqqət hasilat meyarlarına və dənizdə neft-qaz əməliyyatlarının aparılmasının təhlükəsizliyinə müvafiq olaraq neft-qaz yataqlarının, həmçinin Xəzərin yataqlarında fəaliyyət göstərən neft-qaz şirkətlərinin reytinqinə yönəldiləcək.

“Bununla əlaqədar olaraq, biz SOCAR prezidenti Rövnəq Abdullayevə, “KazMunayGas” SC-nin idarə heyətinin sədri Sauat Mınbayevə, “Lukoil” PSC-nin prezidenti Vahid Ələkbərova, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counza, “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Döni Lömarşala və digər neft-qaz şirkətlərinin rəhbərlərinə eksklüziv müsahibə ilə bağlı rəsmi məktubla müraciət etmişik. Həmin müsahibələrdə onların Xəzərdə karbohidrogen çıxarılması zamanı tətbiq olunan təhlükəsizlik tədbirləri və in­novasiya texnologiyaları barədə məlumat verəcəkləri nəzərdə tutulub”, - deyə T.Əliyev söyləyib.

Jurnal həmçinin Moskvada 14-cü Beynəlxalq Neft və Qaz sərgisində (27-30 iyun 2017-ci il) və İstanbulda 22-ci Ümumdünya Neft Konqresində (WPC) (9-13 iyul 2017-ci il) təqdim ediləcək.

“Caspian Energy İnternational Media Group”un əsas nəşri olan “Caspian Energy” jurnalının ilk nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Dünyanın 50 ölkəsində yayılan jurnalda dövlət və hökumət başçılarının, nazirlərin, dövlət və özəl şirkətlərin rəhbərlərinin müsahibələri, nüfuzlu ek­spertlərin məqalələri, həmçinin analitik materiallar dərc olunur.

Bir sıra reytinq agentliklərinin hesablamalarına görə, “Caspian Energy” jurnalı dünyanın 20 nüfuzlu neft-qaz nəşri və regionun 5 aparıcı neft-qaz jurnalı siyahısına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR