Gəncədə piyadanı vurub qaçan sürücü həbs edilib

Gəncədə piyadanı vurub qaçan sürücü həbs edilib
# 24 avqust 2017 09:36 (UTC +04:00)

Gəncə şəhər polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərdə yol-nəqliyyat hadisəsi törədərək, hadisə yerindən qaçmış sürücü tutulub.

Gəncə şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, avqustun 15-də saat 06.00 radələrində naməlum şəxs idarə etdiyi “VAZ-21060” markalı, 61-BD-570 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Göygöl yolunun Gülüstan qəsəbəsi ərazisində yolu keçən piyada, qəsəbə sakini Qocayev Rahib Əsədulla oğlunu vurub. Piyada bədən xəsarəti alıb, sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Keçirilən tədbirlər nəticəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan Göygöl rayonu, Toğana kənd sakini 1956-cı il təvəllüdlü Verdiyev Sahib Hüseyn oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə barəsində Gəncə şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR