Tarix İnstitutunda 3 cildlik “Azərbaycan tarixi” nəşrə hazırlanır

Tarix İnstitutunda 3 cildlik “Azərbaycan tarixi” nəşrə hazırlanır
# 25 yanvar 2017 15:36 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutdan APA-ya verilən məlumata görə, Elmi Şuranın iclasında Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planı təsdiq olunub. Plana əsasən, institutda 3 cildlik “Azərbaycan tarixi”, "Zəngəzur tarixi", "Şəki tarixi" çap olunacaq.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək: “Bizim heç kəsə ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Tarixi torpaqlarımızın: İrəvanın, Zəngəzurun, Göyçənin və digər tarixi ərazilərimizin keçmişini araşdırırıq”.

İnstitut direktoru iclasda elan edib ki, bu ilin aprelində türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr olunmuş sayca 4-cü beynəlxalq elmi konfrans olacaq.

İclasda çıxışı zamanı Y.Mahmudov əlavə edib ki, bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb: “İnstitutun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi bu məsələ ilə bağlı mətbuatda öz kəskin etirazını bildirərək Azərbaycan və rus dillərində bəyanat yayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR