Məcburi köçkünlər elektron qaydada aldıqları vahid aylıq müavinətlə bağlı məlumatları əldə edəcəklər

Məcburi köçkünlər elektron qaydada aldıqları vahid aylıq müavinətlə bağlı məlumatları əldə edəcəklər
# 29 mart 2018 14:00 (UTC +04:00)

“Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən göstərilən “Məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi”, “Əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması” və “Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması” elektron xidmətləri ləğv edilərək, bir - “Vahid aylıq müavinət verilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barədə məlumatın təqdim edilməsi” elektron xidmətində birləşdirilib.

APA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla əlaqədar olaraq, “Vahid aylıq müavinət verilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barədə məlumatın təqdim edilməsi” elektron xidməti üzrə inzibatı reqlamenti təsdiq edib.

Müvafiq olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi”, “Əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması” və “Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması” elektron xidmətlər üzrə inzibatı reqlamentləri və həmin reqlamentlərin təsdiq edilməsi barədə 2012-ci il 6 avqust tarixli və 2012-ci il 25 dekabr tarixli qərarları ləğv edilib.

Bu reqlamentə əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən "http://www.refugees-idps-committee.gov.az" və "http://www.e-gov.az" elektron ünvanlarında ödənişsiz təqdim edilən elektron xidmət vasitəsilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər aldıqları vahid aylıq müavinət ilə bağlı məlumatları əldə edirlər. Elektron xidmətin digər icraçıları əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanlarıdır. Xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemləri tərəfindən emalı vaxtilə müəyyən edilir. Elektron xidmətin göstərilməsinin nəticəsində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər aldıqları vahid aylıq müavinət ilə bağlı məlumatları əldə edirlər. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) tələb olunur.

Başqa sözlə, istifadəçi qeyd edilən internet informasiya ehtiyatına daxil olaraq “Vahid aylıq müavinət verilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barədə məlumatın təqdim edilməsi” elektron xidmətini seçir və informasiya sisteminin açılan müvafiq pəncərəsində fərdi identifikasiya nömrəsini daxil edərək sorğunu formalaşdırır. İstifadəçi “Vahid aylıq müavinət verilən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barədə məlumatın təqdim edilməsi” elektron xidmətini seçdikdən və “Elektron hökumət” portalının autentifikasiya vasitələri ilə identikləşdirildikdən sonra sorğunu formalaşdırır. İstifadəçi tərəfindən elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumat bu reqlamentə uyğun olaraq tam və düzgün daxil edildikdə sorğu qəbul edilir və bu barədə bildiriş ekrana çıxır. İstifadəçi tərəfindən elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumat bu reqlamentə uyğun olaraq tam və düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır. Bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir. Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil. Elektron xidmətin göstərilməsinə Dövlət Komitəsinin Regional idarəetmə və sosial təminat şöbəsi məsuliyyət daşıyır. Proses istifadəçinin tələb olunan məlumatı daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR