İŞİD tərkibində döyüşən şəxsin məhkəməsində həbsdə olan şəxs ifadə verib

İŞİD tərkibində döyüşən şəxsin məhkəməsində həbsdə olan şəxs ifadə verib
# 04 noyabr 2016 13:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Zərbəli Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan şahid Maarif Musayev ifadə verib. O bildirib ki, Z. Abdullazadəyə ailələrini Suriyaya gətirməyini xahiş edib: "Biz Suriyada döyüşürdük. Sonra Zərbəlidən ailələrimizi də bura gətirməyini xahiş etdik. O da ailələrimizi təhvil verib, geri qayıdıb".

Şahid bildirib ki, onun cinayət işi üzrə ibtidai istintaq hələ tamamlanmayıb.

Proses noyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, DTX-nın İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Abdullazadə Zərbəli İsgəndər oğlu saxlanılıb.

Müəyyən edilib ki, Z. Abdullazadə 2012-2015-ci illər ərzində qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçib, həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terror təşkilatlarının, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələnib. Təlimlər başa çatdıqdan sonra Suriya və İraq ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR