Norveçin Azərbaycandakı səfirliyi bir qrup təhsil işçisinə viza verməkdən imtina edib

Norveçin Azərbaycandakı səfirliyi bir qrup təhsil işçisinə viza verməkdən imtina edib
# 29 may 2018 13:46 (UTC +04:00)

Norveçin Azərbaycandakı səfirliyi Avropaya gedən bir qrup təhsil işçisinə viza verməkdən imtina edib.

Bu barədə APA-ya “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsinin sədri Orxan Həsənoğlu bildirib. O. Həsənoğlu qeyd edib ki, Azərbaycandan 39 müəllimin qabaqcıl təhsil ölkələrindən olan Finlandiyaya səfəri bu səbəbdən baş tutmayıb.

“Mayın 24-29-da Helsinkidə “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırmışdıq. Müəllimlər Finlandiyaya getmək üçün viza almaq məqsədiylə Norveçin Azərbaycandakı səfirliyinə müraciət etdilər. Amma səfirlik viza vermədi. Səfirlik bildirdi ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmayıb, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız Juvanpuisto School adlı orta məktəbdən cavab verilməyib.

İmtina məktublarında Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğu, bu səbəbdən azərbaycanlıların ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyi vurğulanıb. Qeyd olunub ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya Forumunda iştirakı və rolu vacib deyil.

Müəllimlər isə iddia edir ki, Norveç səfirliyi həmin qurumlara heç bir sorğu göndərməyib. Bununla da 39 müəllimin Avropaya səfəri baş tutmayıb”, - deyə O. Həsənoğlu əlavə edib.

O, müəllimlərin Norveç Krallığının Azərbaycandakı Səfirliyindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini bildirib.

Norveçin Azərbaycandakı səfirliyindən APA-ya bildirilib ki, səfirlik fərdi viza müraciətləri ilə bağlı ictimaiyyətə şərh verə bilməz: “Bununla yanaşı, nəzərinizə çatdırırıq ki, viza müraciətlərinə etiraz hər zaman etirazın səbəbləri əsaslandırılan məktubla müşayiət olunur. Norveç Səfirliyində viza müraciətləri ilə bağlı bütün qərarlar Şenqen ölkələrinin Viza Məcəlləsinin hüquqi çərçivəsində, eləcə də Norveç Miqrasiya Şurasının viza təcrübəsinə uyğun olaraq verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR