Tiflisdə 31 mart soyqırımı qurbanları anılıb

Tiflisdə 31 mart soyqırımı qurbanları anılıb
# 31 mart 2017 14:43 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım mərasimi keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, diplomatik korpus nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbiri səfir Dursun Həsənov açıb. Səfir erməni-bolşevik birləşmələri tərəfindən törədilən soyqırımı haqqında danışaraq deyib ki, 1918-ci ilin 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakıda və Azərbaycanın demək olar ki, bir çox yaşayış məntəqələrində, o cümlədən , Şamaxı, Quba, Kürdəmir, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda əliyalın insanlar kütləvi şəkildə amansızcasına öldürülüb: “Bu, əsl soyqırımı idi. Bu barədə tarixi mənbələrdə qeyd edilib. Tarix göstərir ki, erməni-bolşevik dəstələri əvvəlcədən Şamaxıda yerləşdirilib və 2000 erməni əsgəri və 60 yük maşınına doldurulmuş silah-sursat əvvəlcədən müəyyənləşdirilən yerə gətirilmişdi”.

Səfir Ermənistandan 200 mindən çox soydaşımızın öz ata-baba torpaqlarından qovulduğunu da bildirib.

D. Həsənov çıxışında 1998-ci il martın 26-da prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verildiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın dövlət müşaviri Kamal Abdullayev erməni terrorçularının azərbaycanlıları, gürcüləri, həmçinin ermənilərin özünü də qətlə yetirdiyini bildirib: “Biz hər il bu soyqırımı hadisələrinin qurbanlarını anırıq. Bu, soyqırımı Azərbaycan xalqının qan yaddaşına yazılan hadisədir”.

K. Abdullayev Azərbaycan və Gürcüstan arasında multikulturalizmin inkişafından da danışıb: “Bu gün mən Gürcüstan və Azərbaycan gənclərinə multikulturalizm fənni ilə bağlı mühazirə oxudum və gürcü və azərbaycanlı gənclərin bu mövzuya maraqlarının olduğunu gördüm. Azərbaycan və Gürcüstan dostluğu bizə həmişə əzizdir”.

Terrorizm və Problemlər Araşdırmalar Mərkəzinin sədri Badri Naçkebia hələ M. Lomonosov adına Moskva Dövlət Universitetində terrorizmlə əlaqədar diplom müdafiəsində ermənilərin onun müdafiəsinə mane olduqlarını bildirib. O, terrorizmlə bağlı diplom işində yazdıqlarının həqiqət olduğunu bildirib: “Azərbaycan xalqı soyqırımı qurbanı olub. Bu, tarixi həqiqətdir. Bu gün qardaş Azərbaycan xalqı üçün ağrılı bir gündür. Mən Azərbaycan xalqına başsağlığı verirəm”.

Tədbirdə Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya hər gün tələbələrlə soyqırımı haqqında faktları sadaladığını bildirib: “Ermənistanın yerləşdiyi torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Ermənilər 1918-ci ildə Gürcüstana da hücum edib. Tiflisdə yaşayan ermənilər onlara kömək edib. Ermənilər sovet dövründə də Abxaziyada Baqramyan adına alay yaradaraq gürcülərə qarşı vuruşublar. Belə bir hadisə 1905-1906-cı illərdə də baş verib. Bu illərdə ermənilər tərəfindən həm gürcülər, həm də azərbaycanlılar öldürülüb”.

Çıxışçılar artıq 31 mart soyqırımından 100 ilə yaxın zaman keçdiyini və hələ də soyqırımı aktının insanların zehnindən silinmədiyini, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin hələ də davam etdiyini bildiriblər.

Sonda soyqırımı haqqında film nümayiş etdirilib. Səfirliyin binasının foyesində erməni terrorundan bəhs edən kitabların sərgisi təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR