Saatlıda avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib

Saatlıda avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
# 28 mart 2017 08:29 (UTC +04:00)

Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, bu yol ölkəmizdə 2017-ci ildə həyata keçiriləcək 40 yol layihəsinin birincisidir.

“Azəravtoyol” ASC-nin yenidən qurduğu Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun uzunluğu 39 kilometrdir. Layihəyə uyğun olaraq yol yatağının eni 10 metr təşkil edir. Buraya yolun 6 metr endə hərəkət hissəsi və hər bir istiqamət üzrə 2 metr olmaqla çiyinlər daxildir. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib, yola 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib.

Ümumilikdə, burada 175 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə 36 suötürücü boru tikilib. Bundan başqa avtomobil yolunun 7,31 və 39-cu kilometrlik hissələrində su kollektoru üzərində yerləşən su keçidlərinin təmiri işləri də aparılıb. Müvafiq olaraq həmin körpülərin uzunluqları 12, 14 və 16 metr təşkil edir. Tikinti işləri çərçivəsində hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə 157 yol nişanı və məlumatverici lövhə, 786 yol təhlükəsizlik dirəkləri quraşdırılıb, uzunluğu 98 kilometrdən artıq olan nişanlama xətləri çəkilib. Bütün işlər tərtib olunmuş qrafikə uyğun, vaxtında və yüksək keyfiyyətlə aparılıb. Bunun üçün əraziyə lazımi sayda texnika və qüvvə cəlb olunub.

Yeni avtomobil yolunun istifadəyə verilməsi nəticəsində vətəndaşların gediş-gəlişində, xüsusən də payız-qış mövsümündə yaranan çətinlik tamamilə aradan qalxıb. Bu yol 51 mindən çox əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq. Bundan başqa, yolun istifadəyə verilməsi sayəsində fermerlər yetişdirdikləri məhsulları rahat və daha tez mənzil başına çatdıra biləcəklər. Bu, layihənin iqtisadi səmərəsini daha da artırır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR