Əfqanıstan Veteranları İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib

Əfqanıstan Veteranları İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib
# 22 oktyabr 2016 13:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin V hesabat-seçki konfransı keçirilib.

APA-nın xəbərinə görə, konfrans iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra konfrans işə başlayıb.

Toplantıda 3 nəfərdən ibarət Mandat Komissiyası formalaşdırılıb. Bildirilib ki, konfransda 45 rayon üzrə 43 nümayəndə iştirak edir ki, bu da konfransın baş tutması üçün yetərlidir.

Sonra M. Vəliyev birliyin gördüyü işlər barədə hesabat xarakterli çıxış edib. O deyib ki, ötən dövr ərzində 47 nəfər Əfqanıstan müharibəsi əlili avtomobilə təmin olunub, 2 nəfərə isə mənzil verilib: "Bu il bütün Əfqanıstan müharibəsi əlilləri avtomobillə təmin edilib. Birlik üzvlərinin vəsiqələrinin dəyişməsi məsələsi də öz həllini tapıb. Bu ilin sentyabr ayından Əfqanıstan müharibəsi əlilləri müraciət edərək vəsiqə ala bilərlər. 5 müharibə veteranı “Tərəqqi” medalı ilə təltif olunub”.

O qeyd edib ki, birlik üzvləri tərəfindən edilən 761 müraciətdən 432-si öz həllini tapıb.

Daha sonra Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib. Bildirilib ki, komissiyaya hər hansı qayda pozuntusu ilə bağlı şikayət daxil olmayıb və veteranların həyat şəraitinin yaxşılaşdırılmasına kömək göstərilib.

Hesabat səsverməyə qoyularaq qəbul edilib.

Sonra rayon təşkilatı sədrləri hesabat xarakterli çıxışlar edib, birliyin sədri vəzifəsinə Məhəmməd Vəliyevin namizədliyini irəli sürüblər.

Səsvermənin nəticələri elan olunub. Məhəmməd Vəliyev yekdilliklə yenidən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR