“Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı keçirilib - FOTOSESSİYA - VİDEO

“Ruhlar şəhərinin sakinləri” filminin təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 iyul 2015 10:27 (UTC +04:00)

Bakı. Fərid Mrzəyev - APA. Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin qərargahında əməkdar jurnalist, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun ssenari müəllifi olduğu “Ruhlar şəhərinin sakinləri” filminin təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə ictimai birliyin rəhbəri Bayram Səfərov açıb.

B. Səfərov bildirib ki, film 23 iyulda işğal tarixi qeyd olunacaq Ağdama, ümumilikdə Qarabağ acılarına həsr olunub: “Filmdə xalqımızın qəhrəman keçmişinə nəzər salınır. Torpağa bağlı insanlardan, onların nəyin bahasına olursa-olsun öz yurduna qayıtmaq istəyindən söhbət açılır. Çəkilişlər Ağdamın işğal olunmayan kəndlərində aparılıb. Erməni vandallarının törətdikləri filmdə ifşa olunur”.

Filmin ssenari müəllifi B. Sadıqov deyib ki, filmdə əsas məqsəd ruhlar şəhərinin - Ağdamın timsalında erməni işğalı altında olan digər torpaqlarımızın real vəziyyətini insanlara təqdim etməkdir: “20 dəqiqəlik süjetdir. İndi siz bu filmə baxacaqsınız. Azərbaycan müstəqillik illərində qeyri-adi inkişaf yolu keçib. Azərbaycanın həll edə bilmədiyi yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. Dövlət başçısı Nazirlər Kabinetinin son iclasında bu məsələyə öz kəskin mövqeyini bir daha nümayiş etdirdi. Bizim geriyə yolumuz yoxdur. Torpaqlarımız işğal altındadır. İşğal olunmuş ərazilər xarabalığa çevrilib. Biz indi həsrətlə o xarabalıqlara baxırıq. Filmin çəkilişləri zamanı çox mübahisəli məqamlar oldu. Filmdə rəmzlər var. Onlar haqda danışmaq istəyirəm. Biz filmdə qaçqınların vətən nisgilini önə çəkmişik. Filmdə 4 sürət var. 20 min şəhidimizin 6 mini Ağdamdandır. Filmdə Ağdamdakı ruhlar Ağdamın sərhədlərini keçmir. Eyni zamanda, filmdə Ağdamdan kənarda doğulmuş, lakin genlərində Ağdam həsrətini daşıyan uşaqların surəti var. Bizim dostlar niyə filmdə Ağdamın abad vaxtlarından kadrlar yoxdur, niyə qəbiristanlıqlar çoxdur kimi iradlar bildirirlər. Məqsəd ruhlar şəhərini təqdim etməkdir. “Fəryad”, “Dolu” kimi filmlər var. Amma bu filmlərin sayı azdır. Film öz hesabımıza çəkilib. Hamıya bir daha öz təşəkkürümü bildirirəm”.

Daha sonra film nümayiş olunub.

Filmin nümayişindən sonra millət vəkilləri Aqil Abbas, Elman Məmmədov, telejurnalist Qulu Məhərrəmli öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, filmin rejissoru Kəmalə Mirzəyeva, operatoru Manaf Əzizli, layihə rəhbəri isə Bəxtiyar Qaracadır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR