FHN-nin 11 illiyinə həsr olunmuş elmi-praktik seminar keçirilir

FHN-nin 11 illiyinə həsr olunmuş elmi-praktik seminar keçirilir
# 20 dekabr 2016 13:58 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 11-ci il dönümünə həsr olunmuş elmi-praktik seminar başlayıb.

APA-nın xəbərinə görə, “Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri və müasir yanğınsöndürmə metodları” mövzusunda keçirilən seminarda FHN-nin baş yanğın təhlükəsizliyi eksperti, general-mayor Yusif Nəbiyev FHN-nin yaranma tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, FHN mülki müdafiə, əhalinin, ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə, dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır.

Y. Nəbiyev son 5 il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrinin statistikasını açıqlayıb.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov "Müasir Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində perspektiv planlar" mövzusunda məruzə ilə çıxış edib. A. Kazımov Azərbaycanda yanğın nəzarəti xidmətinin tarixi haqda ətraflı məlumat verərək qeyd edib ki, hazırda yanğın nəzarəti xidməti mərhələli şəkildə təkmilləşdirilir. Rəis müavini əlavə edib ki, Dövlət Yanğın Nəzarəti Xidmətində xarici ölkələrin təcrübəsi mütəmadi şəkildə öyrənilir: “Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirir”.

A. Kazımov onu da qeyd edib ki, son illər ərzində yaşayış sektorunda yanğından həlak olanların sayında azalma müşahidə olunur.

Daha sonra FHN Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisas fənləri kafedrasının rəisi, polkovnik İlqar Dadaşov "Kadrların hazırlanmasında təkmilləşdirilmə perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.

Seminarda Rusiya Federasiyasının Yanğın Təhlükəsizliyi, Milli Elmlər Akademiyasının Kompleks Təhlükəsizlik üzrə Ümumi Rusiya Elmlər Akademiyasının akademiki, texniki elmlər doktoru, professor, daxili xidmət general-leytenantı Yevgeni Aleksandroviç Meşalkin də iştirak edib. O qeyd edib ki, yanğının profilaktikası və digər məsələlərlə bağlı sahəsində öz təcrübəsini seminar iştirakçıları ilə bölüşəcək: “Azərbaycan prezidenti, FHN-nin rəhbərliyi, şəxsən cənab nazir Azərbaycanda yanğından xilasetmə sisteminin inkişafına böyük diqqət yetirir. Səfər çərçivəsində generallarla görüşmüşəm. Qeyd etməliyəm ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin maddi-texniki təminat çox müasir standartlara cavab verir. Yanğınsöndürmə hissələri, onların bölmələrində yanğınla mübarizənin müasir anlayışı var. Düşünürəm ki, Azərbaycanda bu sahədə təcrübə qazanılıb”.

Seminar sabah da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR