Tovuz rayon İH başçısının oğlunun sürücüsü məhkəmədə ifadə verib

Tovuz rayon İH başçısının oğlunun sürücüsü məhkəmədə ifadə verib
# 06 mart 2018 08:04 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ruhin Məmmədov ifadə verib.

O deyib ki, 2012-ci ildən zərərçəkmiş Qoşqar Zeynalovun sürücüsü işləyir. Onun sözlərinə görə, Q. Zeynalov Rahib Hüseynova işlə bağlı bir neçə dəfə paketdə pul verib: "Qoşqar Zeynalovun Rahib Hüseynovla dəfələrlə görüşməsinin şahidi olmuşam. Mən özüm də Rahib Hüseynovun sürücüsünə ona çatdırması üçün pul vermişəm. Ancaq işin mahiyyəti ilə bağlı Rahib Hüseynovla heç vaxt danışığımız olmayıb".

Təqsirləndirilən Rahib Hüseynov isə deyib ki, Q. Zeynalov pulu sürücüsü ilə Arif Əsgərovun oğlu Elnar Əsgərova verirmiş: "Mən Qoşqar Zeynalovun pullarının faizini vermişəm. Qoşqar Zeynalovdan pulları Arif Əsgərovun oğlu Elnar Əsgərov alıb. Burada mənim günahım yoxdur. Bütün zərərçəkmişləri Elnar Əsgərov tərəfindən mənim üzərimə yönləndirib".

Digər şahid Pərvin Məmmədov ifadəsində deyib ki, Qoşqar Zeynalovun Rahib Hüseynova pul verməsi ilə bağlı məlumatı yoxdur.

Proses martın 13-də davam etdiriləcək.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

R. Hüseynov nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifələrində çalışmış Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihama görə, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR