Gürcüstan parlamentinin vitse-spikeri: “Milli azlıqların cəmiyyətə inteqrasiyası ilə bağlı proqramların sayı artırılmalıdır”

Gürcüstan parlamentinin vitse-spikeri: “Milli azlıqların cəmiyyətə inteqrasiyası ilə bağlı proqramların sayı artırılmalıdır”
# 06 oktyabr 2017 15:14 (UTC +04:00)

“Gürcüstanda yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən proqramların sayını artırmaq lazımdır”.

Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri, Təhsil, elm və mədəniyyət komitəsinin üzvü Sergi Kapanadze deyib.

“Son illər ərzində milli azlıqlar üçün nəzərdə tutulan gürcü dilinin tədrisi proqramları öz bəhrəsini verir. Bu proqramın köməyi ilə milli azlıqlardan olan gənclər təhsillərini Gürcüstanın ali məktəblərində davam etdirirlər. Bu cür proqramlar real olaraq milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək edir”, - deyə o söyləyib.

Deputatın sözlərinə görə, inteqrasiya üzrə proqramları daha da inkişaf etdirib onlara əlavə resurs və diqqət ayırmaq lazımdır.
Milli azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən məktəblərdə tədrisin səviyyəsinə toxunan S. Kapanadzenin fikrincə, bölgələrin inkişaf səviyyəsi məktəblərə də təsir edir: “Həmin məktəblərin problemlərini gürcü dilli məktəblərin problemlərindən ayrı nəzərdən keçirilməsinin tərəfdarı deyiləm. Bölgə məktəblərində tədrisin səviyyəsi oradakı iqtisadi inkişaf və həyat səviyyəsindən çox asılıdır. Ötən əsrin 90-cı illərində milli azlıqların yaşadığı bölgələrin iqtisadi inkişaf baxımından böyük problemləri olub və onlar Gürcüstanın digər hissəsindən kənarda qalıb. Hazırda bu problemlərin tam aradan qaldırılması üzrə işlər aparılır və bu, zaman tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR