Bu il 94 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərə cəlb edilib

Bu il 94 min nəfər peşə hazırlığına və peşəyönümü tədbirlərə cəlb edilib
# 12 dekabr 2017 14:14 (UTC +04:00)

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə əlavə olaraq 15 min nəfərə yaxın şəxs peşə hazırlığı kurslarına və peşəyönümü tədbirlərinə cəlb edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə bu ilin yanvar-noyabr aylarında 94 917 nəfərin peşə hazırlığına və peşəyönümü tədbirlərə cəlb edilməsi təmin olunub.

Onlardan yaxın gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan 91 406 nəfər gənc peşəyönümü tədbirləri vasitəsilə əmək bazarının mövcud vəziyyəti, iqtisadi inkişaf şəraitində işəgötürənlərin əmək bacarıqlarına olan tələbləri barədə məlumatlandırılıb. Bu tələblərə uyğun peşə və ixtisas seçiminin gənclərin gələcək məşğulluqları və uğurlu karyeraları üçün vacib şərtlərdən olduğu onların diqqətinə çatdırılıb, gənclərə zəruri peşəyönümü tövsiyələr, dövlət məşğulluq xidmətləri barədə məlumatlar verilib. İşsiz və işaxtaran vətəndaşların rəqabət qabiliyyətli peşələrə yiyələnmələri və bununla əmək bazarına çıxış imkanı əldə etmələri üçün yanvar-noyabr aylarında bu təbəqədən olan 3 226 nəfər şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb olunub. Modul tədris üsullarının da tətbiq edildiyi kursların yekununda onlara peşə sertifikatları verilib.

Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu təbəqədən olan gənclər üçün müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarının təşkili işləri də davam etdirilib. Yanvar-noyabr aylarında Mərkəzdə ümumilikdə 285 nəfər gənc bu kurslara cəlb edilib. Peşə təlimi müddətində həmin gənclərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası məqsədinə yönələn bir sıra tədbirlər, habelə onlardan tətbiqi sənətlə məşğul olanların əl işlərindən ibarət sərgilər də təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR