BFB-nin dövriyyəsi ikiqat azalıb

BFB-nin dövriyyəsi ikiqat azalıb
# 11 noyabr 2016 08:34 (UTC +04:00)

2016-cı ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 1,8 dəfə azalaraq 4 mlrd. 402 mln. 728 min 987,23 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi artım olub. Belə ki, 2015-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 22,13 dəfə artaraq 454 mln. 626 min 716,09 manat təşkil edib.

Bundan fərqli olaraq, pay və borc alətləri bazarında ciddi azalma qeydə alınıb. Başqa sözlə, son 1 ildə pay bazarı 57,45% azalaraq 117,485 mln. manata, borc alətləri bazarı 7,29 dəfə azalaraq 225 mln. 984 min 613,70 manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) da vəziyyət ürəkaçan olmayıb. Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 2 mlrd. 290 mln. 273 min 714 manat və ya 38,87% azalaraq 3 mlrd. 602 mln. 567 min 749 manata enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR