AMEA-nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər elan edilib

AMEA-nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər elan edilib
# 09 yanvar 2017 07:17 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti bəzi ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə əlavə vakant yerlərə seçkilər elan edib. AMEA-dan APA-ya verilən xəbərə görə, seçkilər nəticəsində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə Fizika ixtisasına 1 müxbir üzv, Biologiya və Tibb Elmləri Bölməsi üzrə Aqrar elmlər ixtisasına 1 müxbir üzv, İctimai Elmlər Bölməsi üzrə Şərqşünaslıq ixtisasına 1 həqiq üzv, İqtisadiyyat ixtisasına 1 müxbir üzv seçiləcək.

AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından, AMEA-nın müxbir üzvləri isə elmin inkişafında görkəmli xidmətləri olan, onu dəyərli tədqiqatları ilə zənginləşdirən Azərbaycan vətəndaşları sırasından seçilirlər.

“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

AMEA üzvlüyünə irəli sürülən namizədlərin müvafiq sənədləri (2 nüsxə) 7 yanvar 2016-cı il tarixindən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir. Sənədlər hər gün saat 10:00-dan 17:00-dək (şənbə və bazar günləri istisna olmaqla) AMEA-nın əsas binasında qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR