Bakıda akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Bakıda akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir
# 16 oktyabr 2017 10:16 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik, Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadovun xatirəsinə həsr olunmuş "Müasir şərqşünaslığın aktual problemləri" ("Ziya Bünyadov qiraətləri") mövzusunda beynəlxalq elmi konfrans başlayıb.

APA-nın xəbərinə görə, konfrans AMEA Rəyasət Heyəti, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.

AMEA-nın vitse - prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Z. Bünyadov özünəməxsus elmi məktəb yaradıb: "Ziya müəllimin "Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)", "Azərbaycan VII - IX əsrlərdə" və digər fundamental əsərləri onun Azərbaycan və dünyada görkəmli tarixçi kimi qəbul olunmasında mühüm rol oynayıb. Onun tarixçi kimi fəaliyyəti şərqşünaslıq fəaliyyəti ilə üzvi sürətdə bir - birini tamamlayırdı. Ziya Bünyadovun mətnşünaslıq fəaliyyəti tərcüməçilik fəaliyyəti ilə də sıx əlaqədə idi. Sovet İttifaqı dövründə Vasim Məmmədəliyevlə birlikdə "Qurani - Kərim"i Azərbaycan dilinə tərcümə etməsi isə özünəməxsus qəhrəmanlıq idi".

Z. Bünyadovun mükəmməl azərbaycanlı olduğunu vurğulayan İ. Həbibbəyli qeyd edib ki, mərhum akademikin Azərbaycanın dövlət müstəqilliyi uğrunda apardığı mübarizə parlaq bir səhifədir: "Ziya müəllim elm meydanında, ictimai meydanda olan böyük alim idi. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan elmi ictimaiyyəti Ziya Bünyadovun əziz xatirəsini həmişə əziz tutub".

Daha sonra plenar iclasda əsas məruzə ilə Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edib.

O deyib ki, Z. Bünyadov orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb.

Konfransda AMEA Şərqşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyası Əlyazmalar İnstitutu və Gürcüstan Şərqşünaslıq İnstitutu arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Konfrans bu gün və sabah ümumilikdə 9 bölmədə davam edəcək.

Konfransda Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan və digər xarici ölkələrdən 250-yə yaxın nümayəndə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR